Oktyabrın 7-də Xorvatiyanın Zaqreb şəhərində Dünya Hemofiliya Federasiyası tərəfindən üzv təşkilatları ilə görüş keçirilib. Görüş zamanı 2024-cü ildə İspaniyanın Madrid şəhərində keçiriləcək elmi ķonqress haqda ətraflı məlumat verilib. Daha sonra üzv təşkilatlar tərəfindən sual cavab ilə görüş davam etdirilib.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov QHT.az-a bildirib ki, həmin gün Dünya Hemofiliya Federasiyasının prezidentilə görüş keçirilib: “Görüş zamanı yaxın gələcəyə Azərbaycanda qanın laxtalanma pozğunluğunun müalicəsinin keyfiyyətinin artırılması və multidissiplinar yanaşmanın qurulması səmtində planlar müzakirə edilib. Qısa müddətdə Avropa Hemofiliya Konsorsiumunun və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sıx əməkdaşlığı gözlənilir. Elmi konfransa 50-dən çox ölkə iştirak edir. Konfransda çıxış edən dünya şöhrətli həkimlər əsasən qanın laxtalanma pozğunluğunun müasir müalicəsi, gen terapiyası, fizioterapiya, xroniki ağrıların qarşısının alınması və digər vacib mövzulara toxunmuşlar”.

Qeyd edək ki, oktyabrın 6-da Avropa Hemofiliya Konsorsiumunun üzv təşkalatları tərəfindən səsə qoyularaq Konsorsiumunun yeni prezidenti seçilib. Yeni prezident Portuqaliyadan Migel Kraton olub.

 

Pərvanə Fərhadqızı