Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial müdafiəsi məsələləri daim diqqət mərkəzindədir. Bu mövzu ilə bağlı, xüsusilə eşitmə və nitq məhdudiyyəti olan insanların qarşılaşdığı problemlər və həll yolları haqqında daha ətraflı məlumat almaq üçün "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova ilə müsahibə apardıq. Abdulova, əlilliyi olan şəxslərin məşğulluq, infrastruktur və iqtisadi aktivlik kimi mühüm sahələrdə qarşılaşdıqları problemlərdən və bu istiqamətdə atılmalı olan addımlardan bəhs etdi.

 

QHT.az: Cəmilə xanım sabahınız xeyir, bildiyimiz kimi, siz “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədrisiniz. Əlilliyi olan şəxslərin sosial-iqtisadi vəziyyəti ilə bağlı hansı problemlər mövcuddur?

Cəmilə Abdulova: Sabahınız xeyir. Əlilliyi olan şəxslərin ən böyük problemlərindən biri iş yerlərinə və təhsil mərkəzlərinə çatmaqla bağlıdır. İnfrastruktur əlverişsiz olduğuna görə, onların məşğulluq imkanları da məhdudlaşır. Xüsusilə də işğaldan azad edilən ərazilərdə bu problem daha da önə çıxır. Həm ictimai nəqliyyatın, həm də binaların əlçatan olması vacibdir. Hər kəs üçün əlverişli infrastruktur qurulmalıdır ki, əlilliyi olan şəxslər də iş bazarına tam inteqrasiya oluna bilsinlər.

 

QHT.az: İnfrastrukturun yenidən qurulması məsələsinə toxundunuz. Bu istiqamətdə hansı təşəbbüslər var?

Cəmilə Abdulova: Azərbaycan hökuməti və qeyri-hökumət təşkilatları bu sahəyə diqqət yetirirlər. İşğaldan azad olunan ərazilərdə bərpa işləri gedərkən, binaların və ictimai obyektlərin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması nəzərdə tutulur. Bu, onların iş yerlərinə daha rahat çatmasına və iş şəraitinin yaxşılaşdırılmasına imkan yaradacaq. Həmçinin regionlarda əlilliyi olan şəxslər üçün xüsusi peşə hazırlığı və təlim mərkəzlərinin yaradılması da vacibdir. Bu mərkəzlərdə onlar üçün xüsusi təlim proqramları təşkil olunmalıdır ki, peşə hazırlığı imkanları artsın və iş bazarına çıxışları asanlaşsın.

 

QHT.az: Əlilliyi olan şəxslərin iqtisadi aktivliyini artırmaq üçün hansı əlavə tədbirlər görülməlidir?

Cəmilə Abdulova: Əlilliyi olan şəxslərin iqtisadi aktivliyini artırmaq üçün xüsusi vergi güzəştləri tətbiq edilməlidir. Bu təşəbbüs, xüsusilə işğaldan azad edilən ərazilərdə, onların iqtisadi iştirakını dəstəkləyərdi. Hazırda dövlət tərəfindən əlilliyi olan şəxslərə kiçik və orta sahibkarlıq yaratmaq üçün müxtəlif maliyyə dəstəkləri verilir. Ancaq vergi güzəştlərinin tətbiqi bu prosesə əlavə stimul verə bilər.

 

QHT.az: İşə qəbul prosesi ilə bağlı hansı maneələr mövcuddur və bu sahədə nə kimi addımlar atılmalıdır?

Cəmilə Abdulova: Təəssüf ki, işəgötürənlər bəzən əlilliyi olan şəxsləri işə qəbul etməkdə tərəddüd edirlər. Bu, onların potensialını tam qiymətləndirməməkdən irəli gəlir. Fikrimcə, bu problemi həll etmək üçün cəmiyyətin, o cümlədən işəgötürənlərin məlumatlılığı artırılmalıdır. Maarifləndirmə kampaniyaları vasitəsilə bu mövzu daha geniş yayılmalı, əlilliyi olan şəxslərin işə yararlı potensialı haqqında məlumatlılıq artırılmalıdır.

 

QHT.az: Sizcə, sosial sahibkarlıq əlilliyi olan şəxslərin iqtisadi inteqrasiyasına necə töhfə verə bilər?

Cəmilə Abdulova: Sosial sahibkarlıq əlilliyi olan şəxslərə həm iş imkanları yaradır, həm də onların cəmiyyətə daha yaxından inteqrasiya olunmasına kömək edir. Dövlətin bu sahədə göstərdiyi dəstək vacibdir və bu dəstəyin daha da genişləndirilməsi, xüsusilə işğaldan azad olunan ərazilərdə, əlilliyi olan şəxslərə sosial sahibkarlıq yaratmaq üçün güzəştlər təqdim olunmalıdır.

 

QHT.az: Verdiyiniz məlumatlar üçün təşəkkür edirik, Cəmilə xanım.

Cəmilə Abdulova: Mən də sizə təşəkkür edirəm. Bu mövzuların ictimaiyyətə çatdırılması və diqqət mərkəzində saxlanılması çox vacibdir. Ümid edirəm ki, birgə səylərimizlə əlilliyi olan şəxslərin hüquqlarının və imkanlarının genişləndirilməsi istiqamətində daha böyük irəliləyişlərə nail ola bilərik.

 

Pərvanə Fərhadqızı

QHT.az