İqtisadçı-analitik, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında Azərbaycanda sosial müdafiə siyasəti çərçivəsində həyata keçirilən tədbirlərin, xüsusilə də aktiv məşğulluq proqramlarının əhəmiyyətini vurğulayıb.

Professorun sözlərinə görə, aktiv məşğulluq proqramlarının prioritet təşkil etməsi həm vətəndaşların əmək bazarına daha fəal inteqrasiyasına, həm də onların sosial-iqtisadi imkanlarının genişlənməsinə mühüm töhfə verir:

“Bu mexanizmlər vasitəsilə daha çox vətəndaş aktiv şəkildə əmək bazarında iştirak edir və bu, onların sosial rifahına müsbət təsir göstərir. Eyni zamanda, əmək bazarına müsbət impulslar verilir. İşsizlikdən Sığorta Fondu çərçivəsində tətbiq olunan yanaşmaların nəticələri artıq əmək bazarında özünü göstərir".

Professor 2026-cı il üçün hazırlanmış İşsizlikdən Sığorta Fondunun büdcə layihəsində sosial ödənişlərə ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artırılmasını müsbət addım kimi dəyərləndirib:

“Daha çox vəsaitin sosial ödənişlərə yönəldilməsi iş yerini itirən vətəndaşların dəstəklənməsi baxımından çox vacibdir. Çünki hər bir ölkədə müəyyən mərhələlərdə iş yerlərinin itirilməsi müşahidə olunur. Belə şəraitdə sosial müdafiə tədbirlərinin gücləndirilməsi təqdirəlayiqdir. Bu addımlar təkcə sosial rifaha deyil, ümumi iqtisadi proseslərə də müsbət təsir göstərir, çünki alıcılıq qabiliyyətinin qorunması iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayır. Bu, iqtisadiyyata müsbət impuls verən yanaşmadır və sosial siyasət baxımından xüsusi əhəmiyyət daşıyır.”

 

Pərvanə Fərhadqızı