OpenAI Apple-ın kommersiya sirrinin oğurlanması ilə bağlı ittihamlarını rədd edərək bildirib ki, şirkət keçmiş əməkdaşlarının hər hansı məxfi məlumat oğurladığını sübut edə bilməyib.
QHT.az xarici mediaya istinadən bildirir ki, şirkət Kaliforniya məhkəməsinə təqdim etdiyi sənəddə qeyd edib: “Bu mübahisə Apple-ın öz yaratdığı qarışıqlıqdır və şirkət buna görə hamını günahlandırmağa çalışır”.
OpenAI iddia edir ki, Apple bu məhkəmə prosesindən potensial rəqibini zəiflətmək və əməkdaşlarının şirkətdən ayrılmasının qarşısını almaq üçün istifadə edir. Məhkəmə sənədlərinə görə, OpenAI-nin yeni aparat layihəsi üçün Apple-dan təxminən 400 əməkdaş işə götürülüb. Şirkət vurğulayıb ki, Kaliforniya qanunvericiliyi işçilərin rəqib şirkətlər arasında sərbəst keçidinə icazə verir.
Apple isə iddia edir ki, OpenAI əməkdaşları işə götürməklə rəqib şirkətin kommersiya sirlərini əldə etməyə çalışıb. Şirkətin bildirdiyinə görə, keçmiş əməkdaşlar Tan və Liu işdən ayrıldıqdan sonra da Apple-ın daxili sənədlərinə giriş əldə ediblər.
OpenAI buna cavab olaraq bildirib ki, Apple əməkdaşlarını iş sənədlərinə şəxsi iCloud hesabları vasitəsilə daxil olmağa təşviq edib və bu da şəxsi məlumatlarla şirkət məlumatlarının ayrılmasını çətinləşdirib.
Şirkət həmçinin qeyd edib ki, Apple-ın işdən ayrılan əməkdaşları dərhal ofisdən uzaqlaşdırmaq siyasəti onlara cihazları qaytarmaq, sənədləri təhvil vermək və işlərini təhvil almaq üçün kifayət qədər vaxt verməyib.
Keçmiş əməkdaş Liu bildirib ki, işdən ayrıldıqdan sonra Apple sənədlərinə yalnız keçmiş həmkarlarına faylları tapmaq və sualları cavablandırmaq üçün kömək məqsədilə daxil olub. Apple-da 24 il çalışan Tan isə ayrılarkən bütün prototipləri təhvil verdiyini və yalnız məxfi olmayan materialları saxladığını deyib.
OpenAI bəyanatında vurğulayıb: “Əməkdaşlar süni intellekti tətbiq etməkdə çətinlik çəkən Apple kimi bir şirkətdən ayrılıb innovativ məhsullar hazırlayan bir təşəbbüsə qoşula bilərlər. Apple bu seçimdən narazı qala bilər, lakin bunu qanunsuz hesab edə və öz prosedur çatışmazlıqlarına görə başqalarını günahlandıra bilməz”.
Zəhra Mansırova












