Ermənistan Respublikasının Təhlükəsizlik Şurası Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanat yayıb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir ki, Ermənistan Respublikasının Təhlükəsizlik Şurası Qarabağ ətrafında təhlükəsizlik vəziyyətini müzakirə edərək, onu son dərəcə gərgin kimi qiymətləndirib. “Hazırkı vəziyyətdə Təhlükəsizlik Şurası Ermənistan Respublikasının əvvəllər səsləndirdiyi mövqeyini bir daha təsdiq etməyi zəruri hesab edir və Azərbaycan Respublikasını hərtərəfli sülh sazişi üzrə danışıqlara dərhal başlamağa dəvət edir”,- deyə bəyanatda vurğulanır.
Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan dövlətinin beynəlxalq hüququn prinsiplərinə söykənən 5 təklifi var. O təkliflər çərçivəsində Azərbaycan sülh sazişi üzrə danışıqlara başlaya bilər:
“Məlum olduğu kimi, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipləri əks olunub. Azərbaycanın münasibətləri normallaşdırmaq üçün irəli sürdüyü 5 baza prinsipi beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Ermənistanın ərazi bütövlüyünə, suveren hüquqlarına xələl gətirmir. Baza prinsiplərində qeyd olunub ki, dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımalıdır. Yəni bu o deməkdir ki, biz Ermənistanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, siyasi müstəqilliyini tanıyırıq, sözügüdən ölkədə Azərbaycanın. Digər təklif dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Yəni biz Ermənistana qarşı hər hansı bir ərazi iddiası irəli sürmürük və ərazi bütövlüyünü tanıyırıq. Bunun müqabilində Ermənistanda Azərbaycana qarşı ərazi iddiası irəli sürməməli və onun ərazi bütövlüyünü tanımalıdır. Digər təklifdə vurğulanıb ki, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməlidr. Sadalananlar da beynəlxalq hüququn 10 prinsipindən biridir. Biz qarşı tərəfə dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasını təklif etmişik. Hesab edirəm ki, bu təklif də beynəlxalq hüquq normalara uyğun bir təklifdir. Nəhayət sonuncu təklif nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.Ermənstan tərəfi 30 ildir ki, hay-həşir salırlar ki, blokadadayıq və.s. İndi biz onlara təklif edirik ki, nəqliyyat və digər kommunikasiya vasitələri açılsın, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq qurulsun. Əgər Ermənistan tərəfi sadalanan 5 təklifi qəbul etməyə hazırdırsa o zaman Azərbaycan onlarla hərtərəfli sülh sazişi üzrə danışıqlara başlaya bilər”.
Sahib Məmmədov qeyd edib ki, Ermənistan əvvəl-axır mövcud vəziyyəti, beynəlxalq aləmdə gedən prosesləri düzgün qiymətləndirib, münasibətləri normallaşdırmaq üçün Azəbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul edəcək: “Onların başqa çıxış yolu yoxdur”.
Sevinc
BakuPost












