1992-ci ilin bu günü Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr qurulub.

"1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqilliyini elan etdi və müstəqilliyi təsbit edən ilk ölkə Konstitusiyası hüquqi qüvvəyə mindi. Müstəqillik elan olunanda dərhal Azərbaycanın dövlət strukturlaşması prosesi həyata keçirildi, milli atributlarımız – bayraq, gerb və himn təsdiqləndi. Beləliklə, Azərbaycan müstəqil dövlət kimi dünya xəritəsinə daxil oldu".

Bu fikirləri QHT.az-a Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti oldu. Ardınca Rumıniya, Pakistan, ABŞ və digər ölkələr müstəqilliyimizi tanıdılar. 1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olaraq müstəqil dövlət kimi beynəlxalq səviyyədə tanındı:

"Bu dövrdə Azərbaycan digər ölkələrlə diplomatik əlaqələr qurmağa başladı. Xüsusilə Türkiyə ilə əlaqələr həm dil birliyi, həm mənəvi yaxınlıq baxımından xüsusi əhəmiyyət daşıyırdı. Türkiyə ilə diplomatik səfirliklər açıldı, Naxçıvan və hava yolu ilə birbaşa əlaqələr təmin edildi. Bu, iqtisadi, hərbi və təhlükəsizlik baxımından Azərbaycan üçün böyük dəstək oldu. O zaman Azərbaycan Ermənistanla silahlı münaqişə vəziyyətində idi. Dövlətin iqtisadi imkanları, valyuta ehtiyatları məhdud idi, neft sazişi isə hələ imzalanmamışdı. Türkiyənin dəstəyi həm iqtisadi, həm hərbi, həm də diplomatik baxımdan Azərbaycanın güclənməsinə böyük töhfə verdi".

QHT sədri həmçinin bildirib ki, bu günə qədər, sülh sazişi imzalanmasa da, Türkiyə Ermənistana qarşı sərhədləri açmayaraq iqtisadi təzyiq vasitəsi kimi Azərbaycanın yanında dayanır. Siyasi, təhlükəsizlik və iqtisadi baxımdan Azərbaycanın arxasında NATO üzvü olan güclü bir dövlətin dayanması mühüm üstünlükdür:

"44 günlük İkinci Qarabağ Müharibəsində Türkiyə ilə Azərbaycan arasında qurulan əməkdaşlıq – iqtisadi, siyasi, hərbi və diplomatik əlaqələr – Azərbaycanın torpaqlarını əbədi azad etməsinə səbəb oldu. Xüsusilə Türkiyənin pilotsuz uçuş aparatları və mütəxəssislərinin dəstəyi bu müharibədə böyük rol oynadı".

 

Pərvanə Fərhadqızı