“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, onların arasında 71 uşaq, 284 qadın və 316 ahıl var. Əsirlikdən və girovluqdan azad edilmiş 1 702 nəfər isə problemin aktuallığını göstərir.

Onun sözlərinə görə, əsir və girov məsələsi yalnız hüquqi deyil, həm də humanitar məna daşıyır. Dövlət Komissiyası, Ombudsman və diplomatik qurumlar bu istiqamətdə fəaliyyət göstərir, vətəndaş cəmiyyəti isə beynəlxalq tribunalarda mövzunu gündəmdə saxlayır.

"Həlli yolları və təkliflər bu gün daha konkret səslənir. Ölkə daxilində Dövlət Komissiyası, Ombudsman və QHT-lərin iştirakı ilə daimi fəaliyyət göstərəcək Milli Koordinasiya Şurası yaradılmalıdır. Bu qurum ailələrlə işin, məlumat bazasının və beynəlxalq tərəfdaşlarla əlaqənin vahid mərkəzdən idarəsini təmin edə bilər. Regional səviyyədə isə Azərbaycanın təşəbbüsü ilə “Regional İtkinlər Platforması” qurulması məqsədəuyğun olardı. Bosniya və digər post-münaqişə ölkələrinin təcrübəsi göstərir ki, belə əməkdaşlıq itkinlərin taleyinin müəyyənləşdirilməsində daha səmərəli nəticələr verir. Bundan əlavə, azad edilmiş əsir və girovların psixoloji reabilitasiyası üçün dövlət və QHT-lərin birgə mərkəzlərinin yaradılması, memorial komplekslər, sənədli filmlər və maarifləndirici layihələrlə yaddaş siyasətinin gücləndirilməsi də vacibdir".

Onun sözlərinə görə, əsir və girovların taleyi Azərbaycanın beynəlxalq hüquq mübarizəsinin, humanitar dəyərlərinin və milli vicdanının bir hissəsidir:

"Dövlətin diplomatik və hüquqi səyləri, vətəndaş cəmiyyətinin təşəbbüsləri və beynəlxalq təşkilatların dəstəyi birləşərsə, minlərlə ailənin ümid işığı gerçəkliyə çevrilə bilər.Ən əsası isə, hər bir itkinin taleyi yalnız bir ailənin deyil, bütöv bir millətin yaddaşında açıq qalan sualdır və bu suala cavab tapılmadan münaqişənin izləri tam sağalmayacaq".

 

Pərvanə Fərhadqızı