“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan gənc vəkil, layihə rəhbəri Qəmərcan Xasayzadə Fondun maliyyə dəstəyi ilə “Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihəsini icra edir.

QHT.az xəbər verir ki, layihənin icra müddəti 20 noyabr 2025-ci il tarixindən 20 fevral 2026-cı il tarixinədək olmaqla 3 aylıq dövrü əhatə edir. Layihə çərçivəsində Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Ağdam Musiqi Kolleci və Ağdam Dövlət Sosial İqtisadi Kollecində olmaqla ümumilikdə 3 orta ixtisas təhsili müəssisəsində maarifləndirici təlimlərin təşkili nəzərdə tutulmuşdur.

Layihənin əsas məqsədi Vətən Müharibəsində qazanılmış qələbənin hüquqi əsaslarını – yəni Azərbaycanın Konstitusiya ilə qorunan hüquqları və beynəlxalq hüquq normalarını gənclərə, xüsusilə kollec tələbələrinə sadə və  anlaşıqlı dillə çatdırmaq, onlar arasında hüquqi savadlılığı artırmaq, onların ölkəmizin Vətən Müharibəsindəki haqq mövqeyini hüquqi və konstitusion əsaslarla anlamaqlarına dəstək olmaqdır.

Layihənin əsas hədəf qrupunu kollec tələbələri təşkil edir. Layihə vasitəsilə gənclərin maarifləndirilməsinə, onların ictimai proseslərdə daha aktiv və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə verilməsi hədəflənir.