Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (BMT İHAK) həyata keçirdiyi “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində gənc vətəndaş cəmiyyəti fəallarının təhsil səfəri baş tutub.

QHT.az xəbər verir ki, oktyabr ayında BMT İHAK’ın fasilitasiyası ilə Gender Hub Azərbaycan və ELSA Azərbaycan qeyri-hökumət təşkilatları 11 gənc vətəndaş cəmiyyəti fəalının Cenevrəyə dörd günlük təhsil səfərini təşkil edib. Təhsil səfərinin məqsədi BMT-nin insan hüquqları mexanizmlərinin işi ilə tanış olmaq və onların xüsusilə qadın hüquqları və gender bərabərliyi sahəsində fəaliyyətini öyrənmək olub. Səfər çərçivəsində gənc vətəndaş cəmiyyəti fəalları BMT İHAK’ın Qadınların İnsan Hüquqları və Gender Bölməsinin əməkdaşları ilə görüşüb. Görüş zamanı Bölmənin əməkdaşları heyətə qadın hüquqları, gender bərabərliyi və LGBTI hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyətlərinə dair təqdimatlar edib.

Qeyd edək ki, gənc vətəndaş cəmiyyəti fəalları, həmçinin üzv dövlətlərin hesabatlarına baxış və hesabatların təqdim edilmə prosesini müzakirə etmək məqsədilə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Komitəsinin üzvləri ilə görüşüb. Heyətin həmçinin eyni Komitənin 86-cı sessiyasında iştirak etmək imkanı olub.

 

Pərvanə Fərhadqızı