Bu gün xor və instrumental musiqiləri ilə yadda qalan görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun anadan olmasından 102 il ötür. Cahangir Cahangirov 1921-ci ildə Balaxanıda anadan olub. O, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.

QHT.az xəbər verir ki, bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.

Canahgir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Bəstəkar çoxlu lirik mahnıların da müəllifidir.

1992-ci ildə dünyasını dəyişən bəstəkar yaratdığı əsrlərlə hər zaman mənsub olduğu xalqın qəlbində yaşayır.

 

Pərvanə Fərhadqızı