“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Ağcabədi rayonunda uğurla davam etdirir. 
 

14.03.2023-cü il tarixində Ağcabədi rayonunda Hindarx kənd orta  məktəbində layihə çərçivəsində  “Erkən nigah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirildi.   Tədbiri giriş sözü ilə layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra  bildirdi ki, “bu gün ekspertlərimizlə son zamanlar aktual problemlərdən birinə çevrilən erkən nikahın yaranma səbəblərindən, onun yaratdığı fəsadlardan və qarşısının alınma yollarından ətraflı məlumat verəcəklər.”  
 

Ekspertlər erkən nigahın fəsadlarından ətraflı danışdılar. Bildirdilər ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində 176.1.1-ci, “Qadını nikaha daxil olmağa məcbur etmə” maddəsi var. Həmin maddədə qeyd olunur ki, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə edilir və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur”.
 

Psixoloq A.İmanova erkən nigahın psixoloji tərəflərindən danışdı . Bildirdi ki,” Erkən yaşda ana olmuş qadınların psixoloji hazırlığı da aşağı səviyyədə olur. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır. Erkən nikaha məcbur edilərək qurulan ailələrin təməli də möhkəm deyil. Əksər hallarda gələcəkdə belə nikahlar boşanma ilə nəticələnir.   Psixoloji baxımdan oğlanların 25, qızların isə 20-22 yaşından sonra ailə qurması tövsiyyə olunur”
 

Sonda müzakirələr oldu. İştirakçılar Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdi.