Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. 151 il əvvəl Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə əsası qoyulan milli mətbuatımız ötən dövr ərzində böyük inkişaf yolu keçərək cəmiyyətin etibarlı informasiya mənbələrindən birinə çevrilib. Bu münasibətlə ictimaiyyət nümayəndələri media əməkdaşlarını təbrik edir, jurnalistikanın cəmiyyətdəki rolunu vurğulayırlar.
22 İyul – Milli Mətbuat Günü münasibətilə Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva media nümayəndələrini və jurnalistləri təbrik edib.
O bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə təməli qoyulan Azərbaycan milli mətbuatı bu gün də cəmiyyətin informasiya təminatında mühüm missiyanı uğurla yerinə yetirir.
“Bu gün ölkəmizdə mətbuatın fəaliyyətini yüksək qiymətləndirir, peşəkar jurnalistika ilə məşğul olan bütün media nümayəndələrini və jurnalistləri ürəkdən təbrik edirik. Milli mətbuatımız uzun inkişaf yolu keçərək ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrin operativ, obyektiv və dəqiq şəkildə ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır”, – deyə Z.Nuriyeva vurğulayıb.
Birlik sədri qeyd edib ki, dünyada və ölkədə baş verən hadisələrin düzgün şəkildə cəmiyyətə çatdırılması media nümayəndələrinin peşəkarlığından asılıdır. Onun sözlərinə görə, jurnalistika gündəmi müəyyənləşdirən və böyük məsuliyyət tələb edən peşələrdən biridir.
“Yanlış informasiya cəmiyyətdə ciddi təsirlər yarada bilər. Buna görə də dəqiq, obyektiv və yoxlanılmış məlumatın ictimaiyyətə çatdırılması, sağlam ictimai rəyin formalaşdırılması mətbuatın əsas vəzifələrindəndir”, – deyə o bildirib.
Sonda Zülfiyyə Nuriyeva Milli Mətbuat Günü münasibətilə bütün jurnalistlərə və media əməkdaşlarına möhkəm cansağlığı, yaradıcılıq uğurları və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Zəhra Ağayeva












