“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı  QHT.az-a müsahibə verib. QHT sədrinin təşkilatın fəaliyyəti, missiyası, məqsədi, nəaliyyəti ilə bağlı müsahibəsini diqqətinizə çatdırırıq.

- Salam Dəyanət müəllim. Sizin dəyərli vaxtınızı alıb, müsahibə alaq. Ənənəvi olaraq sual verəcəm. Təşkilatınız nə zaman yaranıb və məqsədi?

 

- Salam. Təşkilatımız 2010-cu ildə dövlət qeydiyyatına alınıb. 2011-ci ildən etibarən davamlı surətdə miilli maraqlarımızın qorunması, mədəniyyət və ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin  təbliği ilə bağlı layihələr icra etməyə başlamışıq. Layihələrimizə dəyər verdiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımızı bildiririk. Birlik olaraq ictimai proseslərdən kənarda qala bilmərik və Türk dünyasında, o cümlədən Azərbaycanda, Cənubi Qafqazda baş verən olayları izləyir, diqqətdə saxlayır, yeri gəldikcə mətbuatda, sosial mediada münasibətimizi bildiririk. Dəvət aldığımız digər QHT tədbirlərində iştirak edirik. Təşkilatımız Türk dünyası ölkələrində kifayət qədər yaxşı tanınır. Ölkəmizdə və xaricdə bir sıra tədbirlər keçirir, yeni əməkdaşlıq əlaqələri qururuq. Eyni zamanda, birliyin nizamnaməsinin imkan verdiyi aktual məsələlərlə bağlı həyata keçirdiyimiz layihələrin nəticələrindən irəli gələn təklif və tələbləri dəyərləndiririk. Bunlar sırada nəzərdə tutulan layihələrimizin ideyasında, istiqamətində istifadə olunur.

 

- Təşkilatınızın missiyası, məqsədləri, nailiyyətləri haqqında danışa bilərsiniz?

 

- Türk xalqların mədəniyyətinin öyrənilməsinə və təbliğinə, Türk dünyasının görkəmli ictimai-siyasi, elm, ədəbiyyat və mədəniyyət xadimlərinin tanıdılmasına kömək etmək, Azərbaycanın Türk dünyasının birliyində yeri və rolunun tədqiqi məsəslələri, Türk xalqları arasında dostluq əlaqələrinin inkişafına töhfə vermək təşkilatımızın əsas məqsədləridir. Bu sahədə xeyli sayda uğurlu  layihələr hazırlayıb icra etmişik və nəticə etibarilə yaxşı təcrübə toplaya bilmişik. Bütün ictimai məsələlərə münasibətdə dövlətçi, vətənçi, milli mövqedən çıxış etmək fəaliyyətimizin əsas generatoru, altyapısıdır. Bizim nailiyyətlərimiz nəticə baxımından qalıcı layihələr hazırlamağımız, yaxşı təcrübə, Türk dünyası ölkələrindəki uyğunprofilli QHT-lərlə etibarlı əlaqələr yaratmaq olub. İndiyədək 13 layihə çərçivəsində müxtəlif aktual mövzularda bir-neçə dildə 13 adda kitablar nəşr edib xarici və ölkəmizin kitabxanalarına, ziyalılara, elm adamlarına yazarlara, yeni nəslin nümayəndələrinə hədiyyə etmişik. Türk dünyasının ortaq maraqları məsələsinə dair layihələrdə dost QHT-lərin nümayəndələri könüllü olaraq iştirak edir, bir-birinə ictimai dəstək verirlər.

 

- Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz nələrdən ibarətdir?

 

- Biz həmişə milli maraqlarımız çərçivəsində, eyni zamanda günün tələblərini dəyərləndirərək fəaliyyət planlarımızı qururuq. Xaricdə və ölkəmizdə keçiridiyimiz tədbirlər, kitabların təqdimatları da bu istiqamətə söykənir. Yeni layihələr işləyir və onların effektivliyini artırmaq üçün araşdırmalarımızı davam etdiririk. Yazarlardan, alimlərdən, ictimai fəallardan ibarət üzvlərimiz daim inkişafa əsaslanan yeni ideyalar üzərində düşünürlər. Həmin ideyalar bitkin hala gələndə artıq bunlar yeni layihə təşəbbüslərinə çevrilir. Təşkil etdiyimiz, digər aparıcı təşkilatlarla birgə təşəbbüsdə olduğumuz tədbirlərlərimiz də çoxdur. Türk dünyasının birliyi istiqamətində dövlətlərimiz böyük işlər görür. Burada ictimai-siyası, milli-mədəni, hərbi müttəfiqlik bağlarımızı daha da möhkəmləndirmək və s.  böyük önəmli məsələlərdir. Təşkilatımız milli-mədəni yönümlü olduğuna görə, daha çox bu sferada çalışmalara üstünlük veririk. Xalqlarımızın həmrəyliyinə, ortaq maraqlarına, dil, mədəniyyət birliyinə bağlı  müəyyən hədəflərimiz vardır. Bunları da zamanında yeni layihələrimizlə gerçəkləşdirməyi düşünürük. “Türk dünyası İnfo” ictimai birliyi vətəndaş təsisatları arasında öz yeri olan qurumdur. Layihələrimiz, keçirdiyimiz tədbirlər, nəşr etdiyimiz kitablar, təşəbbüslərimiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, başqa ictimai təşkilatlar və sosial media tərəfindən həmişə müsbət qarşılanıb. Biz təşkilatımıza olan sosial maraq dairəsini fəaliyyətimizlə yüksəltmək və yeniləmək barədə səyləri davam etdiririk.

 

 

Pərvanə Fərhadqızı