QHT.az QHT sədrləri ilə silsilə müsahibələri təqdim edir. Bu dəfə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanovadan müsahibə aldıq.

 

- Tükəzban xanım, zəhmət olmasa suallarımızı cavablandırardınız. Mövcud fəaliyyətləriniz nələrdən ibarətdir?

 

- “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi 2013- cü ilin oktyabr ayının 22- də təsis edilib. 31 yanvar 2014- cü ildə isə dövlət qeydiyyatına alınıb. Fəaliyyəti dövründə təşkilatımız onlarla layihə və tədbir həyata keçirib. Fəaliyyət göstərdiyi coğrafiya əsasən, Qazax rayonunu əhatə edir. Lakin bu günədək Ağstafa və Şəmkirdə də layihələrimiz olub. Təşkilatın təsisçisi və sədri Tükəzban Süleymanovadır. Təşkilat öz statusuna görə gənclər təşkilatıdır və fəaliyyət sahəsi əsasən gənclərlə işdən ibarətdir. Tərəfdaşlarımız əsasən, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax- Tovuz regional nümayəndəliyi, Qazax-Tovuz Regional Təhsil İdarəsi, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsi, BDU Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Qazax Dövlət Rəsm Qalereyasıdır.

 

- Təşkilatınızın missiyası və məqsədləri nələrdir?

 

- Təşkilat gənclər təşkilatı olduğuna görə, gənclərin müxtəlif mövzularda maarifləndirilməsi missiyasını həyata keçirir. Məqsəd – gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların intellektual və şəxsi inkişaflarının gücləndirilməsindən ibarətdir. Bu məqsədlə bu günədək çoxsaylı layihə və tədbirlər icra olunub. Fəaliyyət istiqaəmətimiz, əsasən, vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, şəxsi inkişaf və qeyri-formal təhsil metodları vasitəsilə onlarda müəyyən bilik və bacarıqların aşılanmasıdır. Təşkilatımızın fəaliyyət sahəsi gənclərin maarifləndirilməsi olduğundan mottomuzu buna uyğun seçmişik. Filosof Senekanın “İnsanlar öyrədərək öyrənirlər” (Homines dum docent discunt) kəlamı bizim mottomuzdur. İctimai birliyin sosial şəbəkə hesabları (Facebook, instagram, Youtube və Tik Tok) mövcuddur və aktivdir. Veb-saytımız (www.docendo-discimus.az) isə hal-hazırda müvəqqəti olaraq işləmir.

 

- Əsas nailiyyətləriniz hansılardır?

 

- Yuxarıda qeyd etdiyimiz kimi, bir çox mövzularda layihələr icra etmişik. Əsasən, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Fondunun müsabiqələrində iştirak edirik. İndiyədək, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın tanıdılması, eləcə də, narkomaniya, dini radikalizm ilə mübarizə, intiharlar, erkən nikah, ekologiya, tarixi abidələrimizin tanıdılması, müxtəlif mövzular üzrə intellektual yarışlar, gənclərə yumşaq bacarıqların (soft skills) öyrədilməsi kimi mövzular üzrə müxtəlif layihələr icra etmişik. Təşkilatın icra etdiyi layihələr çərçivəsində 7 film və sosial çarx hazırlanıb. 2016-cı ildə aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş üç qazaxlı qəhrəman – kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin xatirəsinə həsr etdiyimiz “Qarabağa doğru” sənədli- bədii filmi aprel döyüşlərində şəhid olmuş qəhrəmanlara həsr edilən ilk filmdir. Lakin müxtəlif subyektiv səbəblərdən dolayı film TV ekranlarına çıxa bilmədi. Bu film, 2017-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı  və o vaxtkı adı ilə desək, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən müsabiqənin xüsusi diplomuna layiq görülüb. Bundan başqa, təşkilatımız 2017-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xüsusi diplomu ilə təltif edilib.

 

- Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz nələrdən ibarətdir?

 

- 2023-cü ildə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İntellekt marafonu” intellektual turiniri və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Payız kuboku” intellektual turniri layihələrini icra etmişik. Hazırda isə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ulu Öndər və Gəncliyimiz” layihəsinin icrasını həyata keçirməkdəyik. Gələcək aylarda gənclərin intellektual dünyagörüşlərinin inkişafı istiqamətində layihələrimizi davam etdirməyi düşünürük. Ola bilsin ki, regional formatda intellektual yarış təşkil edək. Bundan başqa, işğaldan azad edilmiş ərazilərimizdə gənclərin təşəbbüslərinə də yer verməyi planlaşdırmışıq. Bunlardan başqa, təşkilatımızın loqosunu yaxın vaxtlarda re-brendinq etməyi, həmçinin veb-saytımızı yenidən hazırlamağı düşünürük. Təşkilatımız əsasən vətənpərvərlik və qeyri- formal təhsil sahələri üzrə fəaliyyət göstərir. Lakin bir çox digər mövzularda da maarifləndirmə işləri görməkdəyik. Gənclər siyasətində təhsil starteji istiqamətlərdən biri hesab olunduğuna görə bu istiqamət əsas hesab olunur. Bu, həmçinin Dayanıqlı İnkişaf İstiqamətlərindən biridir. Burada həm gənclərin maarifləndirilməsi, həm də istedadlı gənclərin aşkar edilməsi, tanıdılması prioritet məqsədlərdəndir.

 

- Son olaraq təşkilatınızın cəmiyyətə təsiri və sosial inkişafı üçün hansı addımlar atılır?

 

- Müxtəlif mövzularda maarifləndirmə əsas işimiz olduğu üçün çalışırıq ki, cəmiyyətə savadlı, geniş dünyagörüşlü gəncləri aşkar edərək təqdim edək. Bundan başqa, qeyri-formal təhsil vasitəsilə onların emosional düşüncə tərzinin formalaşması və inkişafı, müxtəlif yumşaq bacarıqların əxz edilməsi yönündə də işlər görülür.

 

Pərvanə Fərhadqızı