Prezident İlham Əliyevin dekabrın 7-də verdiyi sərəncama əsasən 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. QHT.az- ın növbədənkənar seçki ilə bağlı suallarını Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov cavablandırıb.

 

QHT.az: Qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?

 

Fariz Əkbərov: Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ildə II Qarabağ müharibəsində qazandığı qələbəyə və bu il Qarabağdan separatçıları təslim olmağa məcbur etdiyinə görə xalqın rəğbətini qazanıb. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bu il keçiriləcək növbədənkənar Prezident seçkiləri sözün əsil mənasında əlamətdar, tarixi hadisə olacaq. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Kəlbəcərdə, Cəbrayılda, Xocalıda, Laçında, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu gün Azərbaycanın özünün daxili potensialı artır, möhkəmlənir, Azərbaycanın dünyada böyük hörməti olan və uğurlu siyasət yeridən Prezidenti var.

 

QHT.az: Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?

 

Fariz Əkbərov: Azərbaycanda seçki qanunvericiliyi daim təkmilləşdirilir. Seçki Məcəlləsi qəbul ediləndən sonra məcəlləyə müəyyən əlavələrin və dəyişikliklərin edilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin bərqərar olmasına işarədir. Azərbaycan dövləti demokratik və şəffaf seçki keçirməyə qadirdir. Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verir. Azərbaycan demokratik inkişaf yolunu seçən və bu yolda inamla irəliləyən bir dövlətdir. Bu gün Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. 

 

 

Pərvanə Fərhadqızı