İranın Azərbaycanın İsraildə səfirlik açıb diplomatik münasibətlər qurmasına qarşı çıxaraq, bunun qarşısını almaq üçün terror təhdidindən istifadə etməsi ilk növbədə beynəlxalq hüquqa hayqırı, ikincisi isə müstəqil bir dövlətin daxili işlərinə kobudcasına müdaxiləsidir ki, bu da yolverilməz haldır.
QHT.az bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, İran parlamentinin Azərbaycan-İsrail diplomatik və ikitərəfli münasibətlərindən belə bir formada əndişələnərək bəyanat qəbul etməsi absurd olmaqla yanaşı, necə bir fitnə-fəsad yuvası olduğunu ortaya qoymuş oldu. “Absurddur ona görə ki, bu gün xeyli sayda müsəlman ölkəsinin İsraillə diplomatik münasibətləri var. Bunların arasında ərəb ölkələri də var. Digər tərəfdən artıq son vaxtlarda ərəb dünyası ilə İsrail arasında hərtərəfli sıx əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Hətta bir zamanlar İsrailə qarşı kəskin mövqe sərgiləyən ərəb ölkələri olan Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt, Misir, İordaniya, Tunis və digər ölkələrlə diplomatik münasibətlər qurulması istiqamətində aktiv iş gedir. Hətta bir çoxunda rəsmi qaydada səfirliklər fəaliyyət göstərməkdədir. Ərəb ölkələrinin İsraillə əməkdaşlıqda maraqlı olduğu bir zamanda İranın Azərbaycanı Təl-Əvivlə diplomatik əlaqələr qurmaqda ittiham etməsi heç bir məntiqə sığmayan absurd bir düşüncə tərzidir”, -o qeyd edib.
Deputat əlavə edib ki, əgər İran islam həmrəyliyindən dəm vurursa, o zaman bu məsələdə də ilk qınanılası ölkə varsa, o da İran olmalıdır: “O zaman özünü “islam donuna girib, islam dəyərlərinin müdafiəçisi” hesab edən fars-molla rejiminin müsəlman ölkəsinə qarşı işğalı, terroru, soyqırımı dövlət siyasəti səviyyəsində həyata keçirib, insanlığa qarşı bəşəri cinayətlər törədən Ermənistanı hərtərəfli dəstəkləməsinə nə ad vermək olar? Məgər ermənilərin Azərbaycana qarşı yürütdüyü işğal, terror, soyqırım siyasəti nəticəsində axıdılan qanlar müsəlman qanı deyilmi? İslam həmrəyliyi, dəyərlərindən dəm vuran fars-molla rejiminin bu bəşəri cinayətlərə göz yumub, cinayətkarı dəstəkləməsinə nə ad vermək olar? Bunun bir adı var-riyakarlıqdır. Fars-molla rejimi sadəcə öz məkrli, çirkin niyyətlərini həyata keçirmək üçün İslamı əlində siyasi alətə çevirib, spekulyasiya və manipulyasiya edir. İslam adı altında dünyada bəşəri cinayətlər, terror aktları törədir. Digər diqqət çəkən məqam isə “islam libası”na bürünən Tehran rejiminin hədəf seçdiyi ölkələrin demək olar ki, 99 faiz qurbanı ancaq müsəlman ölkələridir. Azərbaycan da bu sırada yer alan ölkələrdəndir. Əslində isə fars-molla rejimi bu hərəkətləri ilə İslama xəyanət edib, onu gözdən salmağa çalışır. Bütün bunlar bir daha İranın şərə xidmət edən fitnə-fəsad yuvası olduğunu sübut edir.
Son olaraq onu qeyd edim ki, bu cür metodlarla Azərbaycanı ali hədəflərinə gedən yoldan döndərmək mümkün olmayacaq. Azərbaycan istənilən gücə cavab vermək qüdrətindədir. Azərbaycan parlamentinin aprelin 7-də İran parlamentinin bəyanatına cavab reaksiyası bunun bariz nümunəsidir.
İrandan fərqli olaraq Azərbaycan bəşəri dəyərləri hörmət edib, ona riayət edən ölkədir. Azərbaycan-İsrail münasibətləri heç bir ölkəyə qarşı yönəlməyib. İsrail-Azərbaycan münasibətləri Azərbaycan-Fələstin münasibətləri ilə paralel formada inkişaf etməkdədir. Ona görə də İsrail-Azərbaycan münasibətlərinin inkişafı Azərbaycan-Fələstin münasibətlərinin inkişafına heç bir maneə yaratmır, əksinə İsrail-Fələstin münasibətlərinin normallaşmasına öz töhfəsinin verir. Hesab edirəm ki. Fələstin-İsrail münasibətlərinin gərin qalması və münaqişənin nizamlanmamasının əsas günahkarlarından biri də elə fitnə-fəsad yuvası olan İrandır. İslamı siyasi alətə çevirib, spekulyasiya edən İran məkrli, çirkin niyyətlərini həyata keçirmək üçün Yaxın Şərqdə olduğu kimi Cənubi Qafqazda da təhlükəsizliyə təhdid yaradıb, gərginliyin davam etməsinə çalışır”.












