"Ümidli Gələcək” Gənclər İctimai Birliyi 1999-cu ildən bəri könüllülük prinsipləri əsasında fəaliyyət göstərən və cəmiyyətin sosial inkişafına mühüm töhfələr verən bir təşkilatdır. Təşkilatın fəaliyyəti könüllülərin bilik və bacarıqlarını artırmaqla yanaşı, sosial problemlərin həllinə dəstək olmaq məqsədi daşıyır. QHT.az olaraq təşkilatın sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova ilə könüllülük fəaliyyətinin əhəmiyyəti, gələcəyi və gənclərin bu prosesdəki rolu barədə müsahibə apardıq.

 

QHT.az: Təşkilatınızda könüllülərin ən təsirli olduğu sahələr hansılardır?

Kəmalə Aşumova: “Ümidli Gələcək” Gənclər İctimai Birliyi 1999-cu ildən könüllülük prinsipi əsasında fəaliyyət göstərir. İlk dövrlərdə təşkilatımız Tibb Universitetinin tələbələrindən ibarət idi. Həmin dövrdə internat müəssisələrində uşaqlarla görüşlər, maarifləndirici tədbirlər və dərnəklər təşkil etdik. Məcburi köçkün və qaçqın ailələrinə sosial, psixoloji və hüquqi dəstək göstərmək fəaliyyətimizin əsas istiqamətləri olmuşdur. Bu gün könüllülərimiz sosial iş, psixologiya, pedaqogika və hüquq sahələrində fəaliyyət göstərərək həm fərdi, həm də cəmiyyət üçün mühüm töhfələr verir.

 

QHT.az: Könüllülər təşkilatda necə inkişaf edir və gələcəkdə peşəkar fəaliyyətlərə necə hazırlaşır?

Kəmalə Aşumova: Könüllülər təşkilatımızda praktik təcrübə əldə edir, müxtəlif layihələrdə iştirak edirlər. Onlar dərnəklər təşkil edir, ehtiyaclı ailələrə dəstək göstərir, hüquqi məsləhətlər təqdim edir və təhsil ocaqlarında maarifləndirici görüşlər keçirirlər. Yaxşı nəticələr göstərən könüllülər sertifikatlarla təltif edilir, tövsiyə məktubları alır və hətta rəsmi işə dəvət olunurlar. Bundan əlavə, yerli və beynəlxalq konfranslarda iştirak etmələri üçün də dəstək göstəririk.

 

QHT.az: Azərbaycanda könüllülüyün gələcəyini necə görürsünüz?

Kəmalə Aşumova: Könüllülük fəaliyyəti cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır. Bu, gənclərin fərdi və peşəkar inkişafı ilə yanaşı, sosial problemlərin həllinə də böyük töhfə verir. Rəsmi işlərdə çalışan insanların belə könüllülük fəaliyyətinə maraq göstərməsi, bu işin dərin mənəvi təsirindən xəbər verir. Biz çalışırıq ki, könüllülük mədəniyyətini inkişaf etdirək və daha çox insanı bu fəaliyyətlərə cəlb edək.

 

QHT.az: İnsanları könüllü olmağa nə motivasiya edir?

Kəmalə Aşumova: Könüllülük insana əmək və məsuliyyət anlayışını öyrədir, başqalarına yardım edərək mənəvi məmnunluq bəxş edir. Könüllülər həm öz inkişaflarını təmin edir, həm də cəmiyyətin ehtiyaclarını qarşılayırlar. Təlimlər, seminarlar və təqdimatlar vasitəsilə onların bilik və bacarıqlarını artırır, peşəkar gələcək üçün zəmin hazırlayırıq.

 

QHT.az: Sonda könüllülük fəaliyyəti barədə nə əlavə etmək istərdiniz?

Kəmalə Aşumova: Könüllülük fəaliyyəti yalnız maddi deyil, mənəvi dəyərlərin paylaşılması və insanlara fayda gətirməyin ən gözəl nümunəsidir. Bu fəaliyyət sayəsində gənclər cəmiyyətə yararlı olmağın əhəmiyyətini anlayır və öz gələcəklərinə daha inamlı addımlar atırlar. Biz hər kəsi cəmiyyətə faydalı olmaq üçün könüllülük fəaliyyətinə qatılmağa səsləyirik.

 

Kəmalə Aşumovaya müsahibə üçün vaxt ayırdığına və fikirlərini bölüşdüyünə görə təşəkkür edirik. “Ümidli Gələcək” Gənclər İctimai Birliyinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

 

Pərvanə Fərhadqızı

QHT.az