"Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı sessiyalar keçirilib.
QHT.az xəbər verir ki, Bakı şəhər 179 və 322 nömrəli tam orta məktəblərdə şagirdlər və onların valideynlərinin iştirakı ilə keçirilən görüşlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının ekspertləri Yusif Süleymanlı və Elay Əliyev çıxış edərək rəqəmsal mühitdə mövcud risklər, uşaqların hüquqlarının qorunması və təhlükəsizlik tədbirləri ilə bağlı vacib məlumatlar təqdim edib, iştirakçıların suallarını cavablandırıblar. Tədbir çərçivəsində iştirakçılara rəqəmsal təhlükəsizlik mövzusunda məlumatlandırıcı materiallar, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mövzu ilə bağlı hazırladıqları maarifləndirici çap məhsulları paylanılıb.
Xatırladaq ki, layihənin keçirilməsində məqsəd uşaqlar və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirmək və onların hüquqlarının qorunmasını təmin etməkdir.












