Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin ilkin və aralıq nəticələri ilə bağlı ictimai müzakirə keçirilib.
QHT.az xəbər veri ki, “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi”, “Dövlət orqanları tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı illik hesabatların hazırlanması və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi”, “Dövlət xidmətlərinin təşkili prinsiplərini və qaydasını tənzimləyən, dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsinə dair tələbləri müəyyən edən vahid qanunun qəbul edilməsi” mövzusunda ictimai müzakirə keçirilmişdir. Qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib, mövzu ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bu istiqamətdə daha effektiv və səmərəli fəaliyyət göstərilməsi üçün böyük imkanlar yaratdığını qeyd edib: "Milli Fəaliyyət Planının bəndlərinin icrasına aidiyyəti qurumlar tərəfindən böyük səy və diqqət göstərilir. Silsilə tədbirlərin digər dövlət qurumları ilə də davamlı olaraq təşkil ediləcək".
Müşahidə şurasının üzvü Azər Allahverənov və Zaur İbrahimli respublikamızda korrupsiyaya qarşı mübarizənin hüquqi və strateji əsasının Ümummilli Lider Heydər Əliyevin tərəfindən qoyulduğunu, bu sahədə fəaliyyətin cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə özünün ən uğurlu və yüksək mərhələsinə çatdığını, dövlət qurumlarında yeni elektron xidmət mexanizmlərin tətbiqinin şəffaflığın təmin olunmasında mühüm rol oynadığını bildiriblər. Həmçinin ölkəmizdə son illərdə korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində nəticələr əldə olunduğunu vurğulayıblar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşları tərəfindən “Ölkədə icbari tibbi sığortanın tətbiqi: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda, eyni zamanda Agentlik tərəfindən Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında ətraflı məlumat diqqətə çatdırıldı.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı QHT- lərin sualları cavablandırılıb.
Pərvanə Fərhadqızı












