Gənc Hüquqşünaslar İctimai Birliyinin "Gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə" mövzusunda tədbirlərin təşkili, məlumat xarakterli nəşrlərin hazırlanması" adlı layihəsinin icrası davam edir.
İctimai Birlikdən QHT.az-a verilən məlumata görə, layihə icra planına uyğun olaraq davam edir. Aidiyyəti qurumlarla müvafiq əmək müqavilələri bağlanılıb. Hədəflərə doğru güclü addımlar atılır. Layihənin icrası üçün tələb olunan bütün tələblər ödənilir. Agentliyin maliyyələşdirdiyi bu layihə çərçivəsində məişət zorakılığının qarşısının alınması, zorakılıq hallarından zərər çəkmiş şəxslərə yardımın göstərilməsi kimi mövzular üzrə bir sıra təlimlərin keçirilməsi, məlumat xarakterli nəşrlərin təlim iştirakçılarına paylanması nəzərdə tutulur. Bundan başqa məişətdə, sosial-ictimai, iqtisadi və mədəni həyatda gender balansının qorunmasının, sağlam həyat tərzində fərdlər arasında diskriminasiyaya yol verilməməsinin önəmi geniş auditoriyaya çatdırılacaqdır.
Qeyd edək ki, Gənc Hüquqşünaslar İctimai Birliyinin reallaşdırdığı layihə çərçivəsində təlimlərin hazırlıq işləri yekunlaşmaq üzrədir. Belə ki, avqust ayının sonundan başlayaraq oktyabrın 31-nə qədər Gəncə, Bakı, Yevlax, Mingəçevir, Lənkəran, Neftçala və Qazaxda keçiriləcək təlimlərin posteri, maddi-texniki təchizatı və işçi qrupu yaradılıb.
Pərvanə Fərhadqızı












