"Humanitar Tədqiqatlar” İctimai Birliyi Ağdam rayonunda ictimai müzakirə təşkil edib. “Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının Ağdam Rayon Şöbəsinin binasında  keçirilən tədbirə 25 nəfər Ağdam rayon sakini qatılıb.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Birliyin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı iştirakçılara məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir, məqsəd cəbhəyanı regionda  sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili ilə ictimai rəyin öyrənilməsidir”.

Layihənin eksperti Rafiq Muradov Azərbaycan ən ali səviyyədə sülhə hazır olduğunu, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilərin bütün hüquqlarının tanınacağını bəyan edib. O, təmas xəttində illərlə atəş altında yaşayan insanların Ermənistanla sülhü necə gördükləri, ermənilərlə birgəyaşayış üçün təkliflərinin necə olması, gələcəkdə təkrar münaqişənin yaşanmaması üçün həyata keçirilməsi vacib olan addımlarla bağlı qeydlər edib.

Daha sonra Ağdam rayon sakinləri regionda sülhə nail olması və ermənilərlə birgəyaşayışın mümkün olub-olmaması ilə bağlı fikirlər səsləndiriblər.

 

Pərvanə Fərhadqızı