Məktəblərdə telefonlardan istifadəyə qadağa qoyulması şagirdlərin təlim səviyyəsini və ümumilikdə psixoloji vəziyyətini yaxşılaşdırar. 

QHT.az xəbər verir ki, dünya üzrə psixoloqlar bildiriblər ki, bəzi məktəblərdə uşaqlar, məktəbə gələndə telefonlarını şkafda qutulara qoyurlar. Bu ideyanın həyata keçirilməsi üçün müxtəlif tələblər var. Bu da yalnız uşaqların özlərini yaxşı aparması üçün deyil, həm də onların diqqət qabiliyyətini artırmaq üçün istifadə olunur. Çünki uşağın diqqəti yayınır və müəllimin şagirdlərin diqqətini cəmləməsi çox çətin olur. Kimsə buna nəzarət etməlidir və ya uşaqların məktəbə smartfon aparmasını qadağan etməlidir.

Psixoloq Famil Səfərov QHT.az-a açıqlamasında bildirib ki, smartfonların uşaqların sağlamlığına, təhsilinə və düzgün tərbiyəsinə mənfi təsiri barədə illərdir yazılarında həyacan təbili çalırdı: “Nəhayət, deyəsən dünya da rəsmi qadağa barədə düşünməyə başlayıb. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Agentliyi mobil telefonlardan həddindən artıq istifadənin akademik göstəricilərin aşağı düşməsinə, ekran arxasında çoxlu vaxt keçirməyin isə uşaqların emosional sabitliyinə mənfi təsir göstərdiyinə dair sübutların olduğunu bildirib. Hesabatda qeyd edildiyi kimi, smartfonların qadağan edilməsi çağırışı açıq şəkildə göstərir ki, ümumilikdə rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt həmişə təhsilin  şəxsiyyətyönlü olmasına xidmət etməli, heç vaxt müəllimlərlə üzbəüz qarşılıqlı əlaqəni, canlı ünsiyyəti əvəz  etməməlidir". 

 

Pərvanə Fərhadqızı