“2023-cü il ərzində regionlarda iqtisadi tədqiqatlar apardıq və sorğular keçirdik. Əldə etdiyimiz nəticələr əsasında 3 istiqamət üzrə yeni layihələrin həyata keçirilməsi üçün fəaliyyət planları hazırladıq. Ümumiyyətlə, 2024-cü ildə də daha geniş istiqamətlərdə fəaliyyətimizi quracaq və dövlətimizin həyata keçirdiyi iqtisadi proqramların icrasında dəstək göstərəcəyik”.
Bu sözləri “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev QHT.az-a açıqlamasında bildirib. QHT sədri bildirib ki, 2024-cü ildə mikro və kiçik sahibkarlar üçün beynəlxalq təcrübələr əsasında bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün B5B sistemi üzrə təşkilati-hüquqi və iqtisadi mövzularda maarifləndirmə işləri həyata keçiriləcək, gənclər və qadınlar (əsasən də tənha qadınlar) arasında peşə təhsili ilə bağlı təlimlər təşkil ediləcək: “Qeyd etdiyim ki, təşkilatımızın həyata keçirdiyi bütün layihə və fəaliyyətlərdə əsas hədəfimiz cəmiyyətdə baş verən hadisələrə qanunvericilik çərçivəsində münasibət göstərmək, dövlətimizin siyasətini daim dəstəkləmək, regionların iqtisadi inkişafında bizə tapşırılan işləri yerinə yetirməkdir. Əlbəttə, bu gün təqdim etdiyimiz bütün təkliflər və ideya müraciətləri sosial-iqtisadi inkişafla bağlıdır. Fəaliyyət göstərdiyimiz bu 16 il ərzində Birliyin birbaşa həyata keçirdiyi 25 layihə və icrasında öz işçi qrupu və ekspertləri ilə iştirak etdiyi 100-lərlə layihənin nəticəsində on minlərlər sahibkarlar, sənətkarlar, qadınlar və gənclər faydalanmış, yüzlərlə iş axtaran şəxslər iş yerləri ilə təmin olunmuşlar. Bu gün də, regionların iqtisadi-sosial inkişafı üçün fəaliyyətlərimiz davam edir, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi, İqtisadiyyat Nazirliyi, KOBİA və Turizm Agentliyi, yerli və regional idarə və təşkilatlarla sıx əməkdaşlıq edir, onların həyata keçirdikləri işlərdə yaxından iştirak edirik”.
Pərvanə Fərhadqızı












