“Ölkəmizdə 7 Fevralda keçiriləcək Prezident seçkilərində iştirak etmək, öz seçimini və öz sözünü demək əslində kənd qadınlarının cəmiyyətə inteqrasiyası üçün böyük meydandır”.

Bu fikri Azərbaycan Kənd Qadınları Assosasiyası Ictimai Birliyinin sədri Gülbəniz Qənbərova QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, QHT olaraq ölkənin 23 rayonunda 58 Qadın İnkişaf və Müəssisə Qrupu və 14 Qadın Kooperativivnin Milli Şəbəkəsi rolunu oynayırıq. Onun sözlərinə görə, təşkilatın 800 üzvü öz ailəsi, yaşadığı kəndi və hətta rayonu səviyyəsində Prezident Seçkilərinə hazırlıq prosesində iştirak edir. Gülbəniz Qənbərova öz və Assosiasiyanın seçki təbliğatçıları adından əminliklə bildirib ki, xalqın seçimi ölkəmizi böyük bəlalardan qurtaran, tarix yazan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir, lakin bunu evdə oturaraq düşünmək deyil, Seçki Məntəqələrinə gedib səs verməklə ifadə etməliyik: “Qadın Qrupları 7 Fevralda öz yaşadıqları ərazidəki seçki məntəqəsində səsverməyə kollektiv şəkildə gedəcək, seçkinin iştiraklı və şəffaf keçməsi üçün kənd əhalisini səfərbər etməklə seçkiyə dəstək vermiş olacaq. Bir çox rayonlarda qadınlar öz folklor qrupları ilə seçki məntəqələrinə yaxın ərazilərdə şənlik təşkil etməklə seçkiyə rəng qatmağa hazırlaşırlar”.

Qeyd edək ki, hal-hazırda təşkilata üzvü olan 26 qadın müxtəlif rayonlarda yaradılmış Seçki Məntəqələrinin fəaliyyətinə cəlb olunub. Mütəmadi olaraq ZOOM görüşləri təşkil olunur, assosiasiya üzvlərinin seçkilərə hazırlıq prosesinə olan töhfəsi müzakirə edilir.

 

Pərvanə Fərhadqızı