Ümumtəhsil məktəblərində müəllimlər üçün vahid geyim formasının tətbiqi təhsil mühitində müəyyən müsbət dəyişikliklərə səbəb ola bilər. Bu fikirləri QHT.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.
Ekspert qeyd edib ki, hazırda məktəbli formaları Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən müəyyən edilir və hər məktəb üçün təqdim olunan dörd formadan biri valideynlər və pedaqoji heyətin razılığı ilə seçilir. Seçilmiş forma isə ən azı üç il müddətində dəyişdirilə bilmir.
Məzahir Məmmədlinin sözlərinə görə, müəllimlərin geyimi ilə bağlı məsələlər indiyədək əsasən etik davranış qaydaları ilə tənzimlənib. Bu qaydalar müəllimlərin geyim seçimlərinə müəyyən məhdudiyyətlər qoysa da, vahid forma tətbiqi qanunvericilikdə ayrıca təsbit olunmayıb.
Ekspert bildirib ki, artıq ölkənin müxtəlif bölgələrində və Bakı şəhərində fəaliyyət göstərən bir sıra məktəblər pedaqoji şuraların qərarı əsasında müəllimlər üçün vahid geyim formasını tətbiq edirlər.
“Hazırda ölkə üzrə ondan artıq məktəbdə müəllimlər daxili qərarlar əsasında vahid geyim formasında dərsə gəlirlər. Bu, həm müəllimlərin gündəlik geyim seçiminə sərf etdikləri vaxtın azalmasına, həm də şagirdlərin diqqətinin müəllimlərin geyiminə yönəlməsinin qarşısının alınmasına xidmət edir”, – deyə o vurğulayıb.
M.Məmmədli hesab edir ki, vahid geyim forması məktəblərdə nizam-intizamın artırılması üçün əsas amil olmasa da, müəyyən müsbət təsir göstərə bilər. Onun fikrincə, belə qaydalar müəllimlərin geyim mədəniyyətinə dair vahid standartların formalaşmasına və təhsil mühitində daha ciddi yanaşmanın yaranmasına kömək edəcək.
Ekspert əlavə edib ki, müəllimlərin geyimində müəyyən məhdudiyyətlərin tətbiqi, o cümlədən qeyri-etik və diqqətçəkən geyim elementlərinin aradan qaldırılması məktəbdə tərbiyəvi mühitin gücləndirilməsinə müəyyən töhfə verə bilər.
Onun sözlərinə görə, müəllimlər üçün vahid geyim forması ilə bağlı qərar qəbul edilərsə, gələcəkdə şagirdlər kimi müəllimləri də eyni standartlara uyğun geyimdə görmək mümkün olacaq. Bu isə məktəblərdə vahid yanaşmanın və nizamlı mühitin formalaşmasına xidmət edə bilər.
Zəhra Ağayeva












