Qlobal maliyyə tənzimləyiciləri maliyyə sektorunda getdikcə daha müstəqil fəaliyyət göstərən süni intellekt sistemlərinin yaratdığı risklərlə bağlı narahatlıqlarını ifadə edərək yeni nəzarət mexanizmlərinin tətbiqinə çağırıblar.
QHT.az xarici mediaya istinadən bildirir ki, maliyyə Sabitliyi Şurası (FSB) iyunun 10-da dərc etdiyi hesabatda maliyyə qurumlarının idarəetmə orqanlarını süni intellektdən, xüsusilə də insan nəzarəti olmadan planlaşdırma, qərarvermə və tapşırıqları yerinə yetirmə qabiliyyətinə malik “agent süni intellekt” sistemlərindən irəli gələn riskləri azaltmaq üçün əlavə qoruyucu tədbirlər görməyə çağırıb.
Hazırda agent süni intellekt maliyyə şirkətlərində fırıldaqçılığın aşkarlanması, müştəri xidmətləri və inzibati əməliyyatlar kimi sahələrdə tətbiq olunur. Cambridge Centre for Alternative Finance tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, maliyyə sektoru iştirakçılarının 52 faizi artıq bu texnologiyadan istifadə etdiyini bildirib. Onların 23 faizi sistemi geniş miqyasda tətbiq edir, 29 faizi isə pilot layihələr həyata keçirir.
FSB qeyd edib ki, avtonom süni intellekt sistemləri icazəsiz və ya qanunsuz əməliyyatlar, məlumat sızmaları və əlaqəli sistemlərdə pozuntular kimi riskləri çox qısa müddətdə ortaya çıxara bilər.
Hesabatda vurğulanır ki, süni intellekt agentləri insan nəzarəti üçün xüsusi çətinlik yaradır. Belə sistemlər şirkətin məqsədlərindən kənara çıxan qərarlar qəbul edə və əməkdaşlar bunu vaxtında aşkar edib müdaxilə etməkdə çətinlik çəkə bilərlər.
Risklərin azaldılması məqsədilə FSB maliyyə təşkilatlarına süni intellektdən istifadənin sərhədlərini dəqiq müəyyənləşdirməyi, qoruyucu mexanizmlər tətbiq etməyi və yüksək riskli əməliyyatlar – məsələn, müəyyən məbləğdən yuxarı maliyyə tranzaksiyaları üçün insan təsdiqini məcburi etməyi tövsiyə edib.
Qurum həmçinin şirkətlərə süni intellekt agentlərini müəyyən mənada “sintetik əməkdaşlar” kimi qiymətləndirərək insan resursları siyasəti və nəzarət prosedurlarını bu sistemlərə uyğunlaşdırmağı təklif edib.
FSB-nin hüquqi qüvvəsi olmayan tövsiyələri ilə bağlı ictimai müzakirələr iyulun 22-dək davam edəcək.












