Novruz bayramı Azərbaycan xalqının ən qədim və zəngin ənənələrini özündə birləşdirən milli-mənəvi dəyərdir. Bu dəyərlərin qorunub saxlanılmasında isə qadınlar xüsusi rol oynayırlar. Onlar həm yaradıcı, həm qoruyucu, həm də ötürücü missiya daşıyaraq bayramın ruhunu yaşadırlar.

 

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Şərqiyyə Dadaşova QHT.az-a açıqlamasında qeyd edib ki, qadınlar Novruz adət-ənənələrinin yaşadılmasında mühüm rol oynayırlar. Onlar bayram xonçalarının hazırlanması, şəkərbura, paxlava, qoğal, badambura kimi milli şirniyyatların bişirilməsi, səməni yetişdirilməsi və səməni halvasının hazırlanması, həmçinin tonqal ətrafında keçirilən ritualların təşkili ilə bu ənənələri yaşadırlar. Bu dəyərlər nəsildən-nəslə məhz qadınlar vasitəsilə ötürülür.

 

Şərqiyyə Dadaşova vurğulayıb ki, qadınların Novruzdakı rolu bir neçə istiqamətdə özünü göstərir. Onların yaradıcı fəaliyyəti bayramın estetik gözəlliyini formalaşdırır – xonçaların bəzədilməsi, şirniyyatların üzərinə naxışların vurulması, şamlar və rəngli yumurtalarla süfrənin hazırlanması buna nümunədir.

 

Bununla yanaşı, qadınlar qoruyucu və ötürücü rol daşıyaraq səməni qoymaq, tonqal qalamaq, qapı pusmaq kimi qədim adətləri və xalq inanclarını yaşadır, onları gənc nəslə öyrədirlər. Sosial-mədəni baxımdan isə onlar ailə birliyinin möhkəmləndirilməsində, bayram şənliklərinin təşkilində və milli-mənəvi dəyərlərin qorunmasında fəal iştirak edirlər.

 

Eyni zamanda, qadınlar təkcə bayram süfrəsinin hazırlanmasında deyil, evlərin təmizlənməsi və Novruza ümumi hazırlıq prosesində də əsas təşkilatçı rolunu üzərlərinə götürərək bu bayramın hər bir evdə yüksək səviyyədə qeyd olunmasına töhfə verirlər.

Zəhra Ağayeva