Avqustun 27-də Nizami Kino Mərkəzində “Nurlu yol” sənədli filminin təqdimatı və bədii-elmi konfrans keçirilib. “Masal prodakşn”ın istehsalı olan ekran əsəri böyük mütəfəkkir, maarifçi, pedaqoq, folklorşünas, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığına həsr olunub.

QHT.az  xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxış edərək Teymur bəy Bayraməlibəyovun Azərbaycanda maarifçilik hərəkatının inkişafındakı misilsiz xidmətləri danışıb.

Alim bildirib ki, Teymur bəy Lənkəranda Ünas (Qızlar) məktəbinin açılmasına nail olub. O, Lənkərandan sonra fəaliyyətini Bakıda davam etdirib. Bölgənin tarixi, etnoqrafiyası və folkloru ilə bağlı ən uğurlu əsərlərin müəllifi kimi şöhrət qazanıb.

Yeni filmin çəkilməsini yüksək qiymətləndirən tarixçi alim bunu Teymur bəy Bayraməlibəyovun irsinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Daha sonra çıxış edən “Masal prodakşn”ın baş direktoru C.Cəfərov bildirib ki, görkəmli şəxsiyyət Teymur bəy Bayraməlibəyovun anadan olmasının 160 illiyi ərəfəsində ərsəyə gələn sənədli film onun tarixçi, etnoqraf, folklorşünas, ictimai-siyasi xadim kimi miras qoyduğu irsin öyrənilməsinə töhfədir.

Sonra “Nurlu yol” sənədli filmi nümayiş olunub. Filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir. Sənədli filmdə Teymur bəy Bayraməlibəyov rolunu Masallı Xalq Teatrının aktyoru Cavid Quliyev canlandırıb.

Tədbirdə Milli Məclisin deputatlıları, elm xadimləri Həsən bəy Zərdabi yolunun etibarlı davamçısı Teymur bəy Bayraməlibəyovun əsl millət fədaisi kimi gördüyü işlərdən danışaraq ekran əsəri ilə bağlı fikirlərini bölüşüblər.

Diqqətə çatdırılıb ki, böyük ziyalı, görkəmli maarifçi, etnoqraf-tarixçi, Cümhuriyyət dövrünün böyük mübarizi Teymur bəy Bayraməlibəyov 160 il əvvəl Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində dünyaya gəlib. Teymur ilk təhsilini Qızılağac və Yeddioymağın molla məktəblərində alıb. Mollaxanada dini təhsil alan və dünyəvi elmlərlə tanış olan Teymur Lənkəranda ikisinifli rus məktəbinə daxil olur. Gənc Teymur Tiflisdə həm feldşer məktəbini, həm də Qori Müəllimlər Seminariyasında da oxuyur. Seminariyanın ilk üç azərbaycanlı tələbəsindən biri Teymur olub.

1911-ci ildə Teymur bəyin pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli şəkildə qeyd olunub. Bu, o dövr üçün böyük hadisə idi. Teymur bəy bir az da irəli gedərək daha bir uğura imza atır. Lənkəranda Ünas (Qızlar) məktəbinin açılmasına nail olur.

Sonda Teymur bəy Bayraməlibəyovun nəticəsi, jurnalist-publisist Teymur Atayev çıxış edərək sənədli filmin hazırlanmasında əməyi olanlara və tədbirə gələn qonaqlara Bayraməlibəyovlar ailəsi adından öz minnətdarlığını bildirib.