“Əslində bu gün Laçın yolunda baş verənlər bəşəri dəyərlərə xidmət etmək üçündür. Təbiəti müdafiə etmək dünyanı qorumaq, insanlığı sevmək, deməkdir. Azərbaycan xalqı hər zaman bu missiyanın daşıyıcısı olub və bu gün də daşıyır”.

 

QHT. az xəbər verir ki, bunu Milli Məclisin Təbi ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti təmsilçisinin Laçın yolunu bağlayaraq aksiya keçirməsinə münasibət bildirərkən deyib.

 

“Əslində bu hadisələr baş verməyə bilərdi, əgər Rusiya sülhməramlıları və rəhbərliyi bizim ərazilərimizdə sülhməramlı rolunu layiqincə icra etsəydilər”,- millət vəkili sözlərinə əlavə edib.

 

 

 

Sadiq Qurbanov xatırladır ki, əldə edilən razılaşmanın nəticəsi olaraq dekabrın 10-dan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyəti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji fəsadları ilə bağlı ilkin monitorinqə başlamalı idilər. Onun sözlərinə görə, monitorinqin məqsədi bir çox istiqamətlər üzrə, o cümlədən əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və s. idi. “Lakin məlumatlara görə, bir qrup aqressiv erməni gənci əvvəlcədən təşkil olunmuş ssenari üzrə təxribalara əl ataraq monitorinq aparılacaq ərazilərə nümayəndələrimizin girişinə mane olublar. Rusiya sülhməramlı qüvvələri tərəfindən isə əvvəlcədən razılaşdırıldığı halda onların normal fəaliyyətləri üçün şərait yaradılmayıb. Belə görsənir ki, Rusiya sülhməramlıları və rəhbərliyi bizim ərazilərimizdə sülhməramlı rolunu layiqincə icra etmir, əksinə özünü ermənilərin himayədarı kimi təqdim edir və bizə nəyisə diqtə etməyə çalışırlar. Amma hər kəs bilməlidir ki, Azərbaycan öz torpaqlarında monitorinq, araşdırma və s. aparmaq üçün heç kimdən icazə, razılıq almalı deyil, bu işləri görmək dövlətin öz ərazilərindəki süvüren hüquqlarına aiddir”, - komitə sədri vurğulayıb.

 

 

 

S.Qurbanov vurğulayıb ki, bunların fonunda bu gün ekologiya sevərlər, eko aktivistlər, bu sahədə fəaliyyət göstərən QHT-lər və media nümayəndələri tərəfindən edilən hərəkətlər məntiqə uyğundur və alqışa layiqdır: “Bu o deməkdir ki, dövlətlə yanaşı hər bir vətəndaş, hər bir azərbaycanlı 44 gündə Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilmiş, Şəhid qardaşlarımızın qanı ilə yoğrulmuş ərazılərimizin, torpaqlarımızın taleyinə biganə deyil. Əksinə, vətəndaşlıq borcunu yerinə yetirərək Ali Baş Komandan İlham Əliyevin elan etdiyi - Qarabağın cənnətə çevrilməsi vəzifəsinin yerinə yetirilməsində iştirak etməyi özlərinə borc bilirlər”.