“Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yataqların qanunsuz istismarına qarşı keçirdiyi etiraz aksiyası özündə vacib məqamları ehtiva edir. İctimaiyyətə bəllidir ki, aksiyanın başlamasına səbəb Qızılbulaq və Dəmirli yataqlarında baş verən hadisələrdir. Həmin yataqların talanması və eyni zamanda Azərbaycan ekologiyasına dəyən ziyanla bağlı müvafiq qurumların və müstəqil ekspertlərin monitorinq aparılmasına maneə törədən QHT-lərin bu aksiyaya əl atmasına səbəb oldu”.
QHT.az xəbər verir ki, Bunu Bakıvaxtı.az-a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
O qeyd edib ki, aksiya 5 gündür davam edir: “QHT-lərin tələbləri də daha da inkişaf edir. Məncə bu da başa düşüləndir və reallığı tamamilə ifadə edir.
QHT-lər Azərbaycan ictimaiyyətini narahat edən məsələləri qaldırır. Bu həm də Azərbaycanın təbii sərvətlərinin ermənilər və onların bəzi ölkələrdən olan “tərəfdaşları” tərəfindən talan edilməsi və bu talana Rusiya sülməramlılarının şərait yaratması, eyni zamanda ekologiyamıza dəyən ziyandır. Bizim etirazımı təkcə bu 2 məqamla bitmir.
Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində silah daşınması, hələ qanunsuz erməni hərbi birləşmələrin mövcudluğu və s. məqamlar etiraz aksiyasının genişlənməsinə səbəb olur. Azərbaycan vətəndaş cəmiyyəti liderləri sülməramlıların ermənilərin himayəçisi rolunda olmasına etiraz edirlər. Çünki keçən dövrdə sülmaramlıların fəaliyyəti ancaq bu istiqamətdə olub”.
C.Hüseynzadə bildirib ki, Bakıdan və regiondan minlərlə QHT nümayəndəsi bu aksiyaya qoşulub: “Şəhid ailələri, Qarabağ qaziləri, sadə insanlar aksiya qoşulmaq üçün kütləvi müraciətlər edirlər.
İctimai fəallar bu prosesi məsuliyyətlə həyata keçirir. Mən deyərdim, dünyanın heç bir ölkəsində etiraz aksiyası keçirən qrup humanitar məqamlara diqqət etmir. Çünki etiraz aksiyalarında hər zaman radikal məqmaları özündə daha çox cəmləyir. Lakin biz aksiyanın keçirildiyi ərazidə humanitar fəaliyyətə mane törətmirik. Dəfələrlə sülhməramlıların humanitar fəaliyyəti üçün imkanlar yaradılıb.
Hesab edirəm ki, aksiya davam etməlidir. Aksiyaya böyük dəstək var. İştirakçıların qida və tibbi təminatı yüksək səviyyədə təşkil olunub. Azərbaycan xalqı QHT-lərin Rusiya sülhməramlılarına qarşı olan etiraz aksiyasını dəstəkləyir”.












