Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyimiz “Tənqidi oxu – analitik təfəkkürün inkişafına dair təşəbbüslər” layihəsi çərçivəsində iştirakçı müəllimlərə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinin müasir yanaşmaları, metodologiyası və üsulları barədə ətraflı məlumat verilmişdir. Daha sonra müəllimlərin müvafiq istiqamətlər üzrə bilik və səriştələrinin artırılması üçün “İnkişaf Marafonu” adlı seminar proqramları təşkil olunmuşdur.

Bu sözləri Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, növbəti ildə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin əsas diqqəti təhsildə keyfiyyətin yüksəldilməsinə, müəllimlərin peşəkar inkişafının davamlı şəkildə dəstəklənməsinə, bilik və bacarıq əsaslı təlim proqramlarının tətbiqinə yönəlmiş layihələrin genişləndirilməsinə istiqamətlənəcəkdir. Bununla yanaşı, şagirdlər üçün intellektual müsabiqə və inkişaf platformalarının miqyasının genişləndirilməsi nəzərdə tutulur. Yerli və beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi, eləcə də təhsil sahəsində ictimai dialoq və ekspert müzakirələrinin gücləndirilməsi təşkilatın strateji hədəfləri arasında mühüm yer tutacaqdır:

"2026-ci il ölkəmizdə təhsil sahəsində keyfiyyətin artırılmasına, insan kapitalının inkişafına və müasir çağırışlara uyğun təhsil mühitinin formalaşdırılmasına yönəlmiş mühüm addımlarla xarakterizə olundu. 2025-ci il təhsildə rəqəmsal transformasiyanın sürətləndiyi dövr oldu. Onlayn platformalar, rəqəmsal resurslar daha geniş tətbiq olunaraq təhsilin əlçatanlığını və davamlılığını artırdı. Belə ki, bu il ilk dəfə rəqəmsal məktəb layihəsi həyata keçirildi. Ayrıca il ərzində metodist müəllimlərin pedaqoji və metodiki səriştələrinin gücləndirilməsi məqsədilə müasir tədris yanaşmalarına əsaslanan ixtisasartırma proqramları, seminarlar və praktiki təlimlər həyata keçirilmişdir".

QHT sədri həmçinin bildirib ki, nəticə etibarilə, 2025-ci il ölkəmizdə təhsil sisteminin keyfiyyət baxımından yenilənməsi, rəqəmsallaşmanın dərinləşməsi və pedaqoji potensialın gücləndirilməsi baxımından mühüm dönüş nöqtəsi olmuş, atılan addımlar müasir və dayanıqlı təhsil mühitinin formalaşdırılmasına əsaslı töhfə vermişdir.