Qərbi Azərbaycan İcmasının İrəvan Şəhər İcmasının rəhbəri, Kainat İctimai Birliyinin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasının müdiri, professor Fəridə Səfiyeva Müvəkkil Hüquq Mərkəzinin Fəxri diplomu ilə təltif edilib.
QHT.az xəbər verir ki, bu barədə mərkəzin rəhbəri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib. O, bildirib ki, MHM-nin İdarə Heyəti professor Fəridə Səfiyevanı Qərbi Azərbaycana qayıdış platformasındakı fəaliyyətinə görə təltif edib:
"Qeyd edək ki, professor Fəridə Səfiyeva 1987-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1997-ci ildə "Bəxtiyar Vahabzadənin dramaturgiyası" mövzusunda fəlsəfə doktorluğu, 2012-ci ildə "Nəbi Xəzrinin yaradıcılığında fərdi üslub və poetika problemləri" adlı elmləri doktorluğu dissertasiyasını müdafiə edib. 1999-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dədə Qorqud Elmi Mərkəzində baş elmi işçi vəzifəsində çalışıb. 2001-ci ildən Azərbaycan Dillər Universitetinin Ədəbiyyat tarixi kafedrasının müəllimi, dosenti, 2005-ci ildən 2018-ci ilə qədər Azərbaycan ədəbiyyatı kafedrasında müdiri olub. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasına rəhbərlik edir. Fəridə Səfiyeva 8 kitab, 60-dan çox elmi məqalə, konfrans məruzəsi və tezisin müəllifidir. Məqalələrin bir qismi Rusiyanın, Türkiyənin və Ukraynanın bir sıra dərgilərində çap olunub.
Müxtəlif beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış edib. 2011-ci ildə Türkiyədə keçiriən "Eğitim gelişmeler və kültürel paylaşım semineri"nin iştirakçısı olub. Polşa dövlətinin və Azərbaycanın Polşadakı səfirliyinin sifarişi ilə çap olunan "Azərbaycan dili" dərsliyi ("Materialy didaktyczne do nauki jezika Azerbeyjdzanskiego") Polşa universitetlərində geniş istifadə edilir.
Nadir arxiv sənədləri əsasında yazılan "Bir ömrün iziylə" kitabı Azərbaycan xalqının elmi potensialının formalaşmasında böyük xidmətləri olan akademik Heydər Hüseynovun həyat və fəaliyyətinə həsr olunub. Kitabın təqdimatı Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı və iştirakı ilə keçirilib. Kitabın yenidən nəşri fondun vəsaiti hesabına reallaşıb".












