"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə sentyabr 29-da Quba rayonunda sahibkar olmaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan 25 qadının iştirakı ilə "Qadın Sahibkarlığının İnkişafı" adlı tədbir həyata keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə KOBİA, Dövlət Məşğulluq Agentliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba QHT-lərin Resurs və Təlim Mərkəzinin nümayəndələri iştirak edib və qadın sahibkarlığa dövlət dəstəyi, yaradılan şərait müzakirə olunub. Layihənin məqsədi bölgələrdə həssas əhali qrupuna aid qadınların sahibkarlıq fəaliyyətinə dəstək olmaq, özünəməşğulluq proqramına cəlb etmək və regionlarda sahibkar qadın icmaları yaratmaqdır. Həmçinin iştirakçılara layihə çərçivəsində hazırlanan, sahibkar olmaq istəyən qadınlar üçün bələdçi rolu oynayacaq "Sahibkar Qadın Portreti" adlı kitabça təqdim edilib.

Qeyd edək ki, layihənin məqsədinə uyğun olaraq qadınlara dəstək layihə bitdikdən sonra da yaradılan icmalar vasitəsilə olacaq, şəbəkələşmə prosesi davam edəcəkdir. Tədbirin sonunda yaradılan Quba Sahibkar Qadın İcması təşkilatın yaratdığı 8-ci qadın icmasıdır.

 

 

Pərvanə Fərhadqızı