“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az -a açıqlamasında Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən güzəştli ipoteka kreditlərini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, bu təşəbbüs azad edilmiş ərazilərdə sosial rifahın yaxşılaşdırılmasına və ailələrin rahat məskunlaşmasına xidmət edir. Zenfira Mustafayeva qeyd edib ki, dövlətin prioritet istiqamətlərindən biri azad edilmiş ərazilərdə yaşayan ailələrin ev, iş və sosial təminatla əhatə olunmasıdır:

" Bu məqsədlə mühüm güzəştlər nəzərdə tutulub. Əlbəttə, bu güzəştlər köç edən ailələrin rahat, qayğısız, xoşbəxt yaşamaları üçün nəzərdə tutulmuşdur. Onlardan ən vacibi isə qadınların bizneslə məşğul olmaları üçün təqdim edilən faizsiz və ya güzəştli ipoteka imkanlarıdır. Həmin ərazilərdə yaşamaq və iş qurmaq istəyənlərə şamil olunan güzəştli ipoteka şərtləri gənc ailələrin bu bölgələrdə məskunlaşmasına, yeni ailə quran cütlüklərin isə xoşbəxt və sabit həyat şəraitinə sahib olmalarına şərait yaradacaqdır."

QHT sədri həmçinin bildirib ki, Qarabağda ipoteka ilə ev almaq mümkündür. Qarabağ, xüsusilə Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın və s. azad edilmiş ərazilər üzrə yaşayış layihələri tədricən reallaşır və dövlət tərəfindən ipoteka üçün xüsusi imkanlar yaradılır.

 

Pərvanə Fərhadqızı