Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, Laçın və Kəlbəcərdən Naxçıvana qədər uzanan geniş ərazini əhatə edən Zəngəzur yaylasının şərq hissəsində yerləşən rayonların – Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcərin – tarixən sosial-iqtisadi və mədəni baxımdan bir-biri ilə sıx bağlı olması onların vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.
QHT sədri bildirib ki, 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olan bu ərazilər uzun illər ərzində birgə inkişaf yolu keçib və bu coğrafi, tarixi birlik bölgənin gələcək planlaşdırılmasında da nəzərə alınmalıdır:
“Qeyd etməliyik ki, 30 il ərzində işğalçı Ermənistan tərəfindən talan edilmiş, şəhər və qəsəbələri yer üzündən silinmiş Şəegi Zəngəzur yenidən qurulur, dirçəlir, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi siyasi mərkəzə çevrilir. 2022-ci ildən uğurla icra edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində əsasən 4 hədəf göstərici qrupu - infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlı inkişafı üzrə işlər davam etdirilir".
İradə Həsənova bildirib ki, bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm də kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan, bərpa işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çevriləcək:
"Bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq".
Pərvanə Fərhadqızı












