ÜST-ün məlumatına görə, dünyada 400 mindən çox insan hemofiliya xəstəliyindən əziyyət çəkir. Azərbaycanda 1700-dən çox xəstə qeydiyyatdadır və göstərici beynəlxalq orta səviyyədən yüksəkdir.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov QHT.az-a bildirib ki, əsas səbəblərdən biri qohum evlilikləridir. Bu risklərin azaldılması üçün 2024-cü ildə qanunvericilikdə mühüm dəyişikliklər edilib:

"Son illər dövlət proqramı çərçivəsində xəstələr üçün ayrılan vəsait 16 milyon manatı ötüb, dərman təminatı sabitləşib. Bununla belə, bölgələrdə yaşayan xəstələrin dərmanlara çıxışı hələ də əsas problem olaraq qalır. Assosiasiya həmçinin maarifləndirici “hemofiliya məktəbləri”, yay düşərgələri və həkimlər üçün təlimlər təşkil edir. Sentyabrın 19-da qanaxma pozğunluğu olan uşaqlar üçün “Ana və Uşaq” sağlamlıq düşərgəsi başlayacaq".

Ayaz Hüseynovun sözlərinə görə, dövlətin və cəmiyyətin dəstəyi ilə hemofiliyalı insanlar aktiv və dolğun həyat sürə bilirlər.

 

Pərvanə Fərhadqızı