“Aztəminatlı ailələrin sosial durumlarının yaxşılaşdırılması üçün bir təşkilat olaraq müəyyən layihələrdə iştirak edirik. Aztəminatlı ailələlər və əlilliyi olan uşaqlar üçün yaranmış Günərzi qayğı mərkəzlərində layihədə iştirak edirik. İki regionda- Quba və Şəmkirdə bunu həyata keçiririk. 30 uşağa, 30 ailəyə dəstək göstərilir”.
Bu sözləri Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az- a açıqlamasında bildirib. Əlilliyi olan uşaqlar üçün əvvəllər icma-əsaslı reabilitasiya mərkəzlərinin olduğunu bildirən QHT sədri müəyyən rayonlarda bununla bağlı layihə həyata keçirdiklərini qeyd edib: “Bu günə qədər də həmin uşaqların problemləri olanda bizə müraciət edirlər. Biz də o məsələləri həll etməyə çalışırıq, onları dəstəkləyirik. Əlillər üçün arabalar, əlilliyin təyinatı, onların inklüzif təhsilin təşkili kimi məsələlərinin həllində öz dəstəyimizi göstərmişik və göstərməyə də davam edəcəyik”.
Qeyd edək ki, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi üç beynəlxalq təşkilatın- Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Platforması, ECOSOC-un, Asiya Xalqları Assambleyasının üzvüdür. QHT bu təşkilatlara apardığı işlərlə bağlı alternativ hesabatların hazırlanıb göndərilməsini planlaşdırır.
Pərvanə Fərhadqızı












