“Gələcək aylarda tədbirlər planına uyğun əlilliyi olan şəxslərin hüquqları barədə maarifləndirmə işləri, kursların təşkili, məişət zorakılığı ilə bağlı tədbirlər, şənliklər, gəzintilər, sərgilər və s. nəzərdə tutulur. Bu il əlilliyi olan xanımlar üçün gözəllik salonu yaratmağı düşünürük, çünki bütün sənədləri təqdim etmişik. Yəqin ki, 2024-də avadanlığımız Dövlət Məşqulluq Agentliyi tərəfindən veriləcək”.
Bu sözləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsi və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kəromova QHT.az- a açıqlamasında bildirib. Ən əsas, ən böyük planlarının isə Əlilliyi olan şəxslər üçün Təhsil Mərkəzini yaratmaq olduğunu qeyd edən QHT sədri vurğulayıb ki, bu bizim ən böyük missiyamızdır: “Biz atdığımız addımların çoxu məhz bu təhsil mərkəzinin yaradılması üçündür. Digər bir məsələ kollektiv şəkildə, əlbirlik və əməkdaşlıq əsasında ciddi çalışmaqdır. Əlilliyi olan uşaq və gəncləri əvvəldən böyük işlər görməyə alışdırmaq lazımdır. Bəzi məsələlərə region səviyyəsində deyil, qlobal baxmalıyıq. Bəzi məsələlərə yüzillik, yaxud yuzəlliillik proqram kimi baxmaq gərəkir, beşillik, onillik yox. Bunlar ciddi səy və böyük iradə tələb edir”.
Bu gün yetişdirdiyimiz əlilliyi olan uşaqlar bir müddətdən sonra bir müəllim, müdir, mütəxəssis və ya siyasətçi olacağını, cəmiyyətdə aparıcı qüvvəyə çevriləcəyini bildirən Səbinə Kəromova bunun üçün çoxlu vəsait və əmək lazım olacağını da vurğulayır: “Ancaq biz kadrları yetişdirəndən sonra mərkəzi yaratmaq daha rahat və asan olacaq deyə düşünürəm”.
Pərvanə Fərhadqızı












