Bakı, 8 sentyabr — World Academy of Agricultural Sciences (WAAS) Cənubi Afrikada mümkün ərzaq təhlükəsizliyi böhranının qarşısının alınması ilə bağlı BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) müraciət edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilat sentyabrın 8-də açıqladığı məlumatda bildirib ki, Cənubi Afrikada ərzaq təminatı ilə bağlı mövcud və potensial risklərin aradan qaldırılması üçün beynəlxalq səviyyədə əlaqələndirilmiş tədbirlərə ehtiyac var.

WAAS məsələ ilə bağlı açıq məktubu BMT-nin Qeyri-Hökumət Təşkilatları Bölməsinin rəsmi kanalı vasitəsilə təqdim edib. Təşkilatın bildirdiyinə görə, müraciət 2026-cı il BMT-nin Yüksək Səviyyəli Seqmentində müzakirə olunması üçün təqdim edilən mövzular çərçivəsində hazırlanıb və BMT tərəfindən müsbət qarşılanıb.

QHT ərzaq təhlükəsizliyi risklərinin qarşısının alınması üçün dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsini vacib hesab edir.

WAAS bundan sonra da BMT sistemi və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı genişləndirəcəyini, kənd təsərrüfatı elmi və texnologiyalarından istifadə etməklə qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə çalışacağını açıqlayıb.