"QHT-lər ilk olaraq özləri fəallıq göstərməli, xüsusilə də insan resurslarının gücləndirilməsi, beynəlxalq təmsilçilik və analitik bacarıqların artırılması baxımından əməli addımlar atmalıdırlar".

Bu fikri "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli QHT.az-a bildirib. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatlarının yerli və beynəlxalq səviyyədə fəaliyyətinin gücləndirilməsinə dəstək bu istiqamətdə əsas qurum olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir. Yaxşı olardı ki, digər aidiyyati dövlət qurumları da beynəlxalq məsələlərdə QHT-lərə institusional dəstək göstərərək, onların platformalarda koordinasiyalı və sistemli şəkildə təmsil olunmasına, beynəlxalq forumlara çıxış imkanlarının genişləndirilməsinə töhfə versinlər:

"Ümumilikdə 2026-cı il üçün əsas prioritetimiz beynəlxalq gündəmin formalaşmasına töhfə verən, təşəbbüskar QHT kimi çıxış etməkdir. Bu istiqamətdə bir neçə fəaliyyətimizi xüsusiləşdirsək, qeyd etmək istərdik ki, bu il ölkəmizin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu çərçivəsində bir sıra tədbirlərin keçirilməsini, eyni zamanda Qərbi Azərbaycanla bağlı fəaliyyətimizin davamı olaraq, beynəlxalq tədbirlərin icrasını illik fəaliyyət planımıza daxil etmişik. Bununla yanaşı Miqrasiya sahəsi ilə əlaqədar beynəlxalq QHT Koalisiyasına da üzvlüyümüz irəli sürülüb, bu il müsbət cavab alacağımıza inanırıq".