1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü çərçivəsində Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən respublikanın qərb bölgəsində geniş maarifləndirmə tədbirləri təşkil olunur.
QHT.az xəbər verir ki, təşkilatın sədri Ramil Göyüşov açıqlamasında QİÇS-in ötürülmə yolları və profilaktikanın vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, insanlar infeksiyanın necə yayıldığını bildikdə özlərini daha effektiv şəkildə qoruya bilirlər və bu istiqamətdə xüsusilə gənclər arasında uzun illərdir ardıcıl maarifləndirmə işi aparılır:
“QİÇS necə ötürülür? İnsan bunu bildiyi halda özü özünü qoruya bilir və biz bu səpkidə gənclər arasında kifayət qədər tədbirlər görmüşük və görməkdə davam edirik. Hazırda əməkdaşlarımız Qərb regionunda maarifləndirmə aksiyası keçirir və paralel olaraq könüllü HİV müayinələri də aparılır,” — deyə Ramil Göyüşov bildirib.
QHT sədr vurğulayıb ki, artıq 20 ildən çoxdur QHT-lər zərərin azaldılması (harm reduction) sahəsində fəaliyyət göstərir və bu işin nəticəsi olaraq yüksək risk qrupları arasında HİV yayılmasında nəzərəçarpan azalma müşahidə olunur:
“Aparılan işlərin nəticələri statistik göstəricilərdə öz əksini tapır,” — deyə o əlavə edib.
Qeyd edək ki, Qərb-Resurs İctimai Birliyi QİÇS-lə mübarizə çərçivəsində maarifləndirmə, profilaktik müayinələr və risk qrupları ilə sosial işin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Pərvanə Fərhadqızı












