“Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, yerüstü və su mühitlərində aşkar olunan mikroplastiklərin təxminən 45%-i avtomobil təkərlərindən əmələ gəlir. Bu isə şinlərin mikroplastik istehsalının əsas mənbəyi olduğunu göstərir.
Ekspertlərin fikrincə, mikroplastiklərin təsiri yalnız ekosistemlə məhdudlaşmır, insan sağlamlığı üçün də narahatedici nəticələrə yol açır. Hazırda təkər istehsalçıları ekoloji cəhətdən tam təmiz alternativ hazırlaya bilməyiblər, çünki şinlərin mövcud materialı təhlükəsizlik, davamlılıq və performans baxımından vacibdir:
"Bu problemin həlli üçün təbii filtrasiya sistemləri ətraf mühiti mikroplastiklərdən qorumaqda ümidverici nəticələr göstərir. Missisipi Universitetində aparılan araşdırmalar göstərib ki, mikroplastiklərin 90%-i kənd təsərrüfatı tullantılarından—düyü qabıqları və şam yonqarı əsasında hazırlanmış biokömürdən istifadə edilməklə süzülə bilər. Bu materiallar yağış suyu ilə daşınan təkər aşınma hissəciklərini tutmaqda yüksək effektivliyə malikdir, həm qənaətcil, həm də davamlıdır".
Mütəxəssislər vurğulayırlar ki, filtrasiya sistemlərinin davamlı işləməsi üçün müntəzəm texniki xidmət və monitorinq tələb olunur. Filtrlər zamanla tıxana və ya effektivliyini itirə bilər, buna görə müəyyən aralıqlarla dəyişdirilməlidir. Bundan əlavə, təmizlənməmiş kənd təsərrüfatı tullantılarının istifadəsi digər üzvi çirkləndiricilərin daxil olmasına səbəb ola bilər, buna görə də piroliz—yüksək temperaturda tullantıların təmizlənməsi prosesi kritik əhəmiyyət kəsb edir.
İradə Həsənova bildirib ki, bu sahədə araşdırmalar və texnoloji həllər davam edir və məqsəd həm ekosistemi, həm də insan sağlamlığını qorumaqdır.
Pərvanə Fərhadqızı












