Fərasət Qurbanov QHT.az saytının 10 illiyi münasibətilə kollektivə təbrik ünvanlayıb. O, QHT.az-ın ixtisaslaşmış informasiya platforması kimi formalaşmasını və bu sahədəki xidmətlərini yüksək qiymətləndirib:

"Hörmətli QHT.az saytının kollektivi!

İlk növbədə Sizi, saytın fəaliyyətə başlamasının 10 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə bu yaradıcı və məsuliyyətli işinizdə bol-bol uğurlar arzulayıram.

QHT.az saytı bu 10 il ərzində özünü ixtisaslaşmış informasiya platforması kimi təsdiq edə bildi. Bu ilk növbədə kollektivin gərgin əməyi, saytın rəhbəri Cəsarət Hüseynzadənin böyük əzmi, yaradıcı yanaşması və peşəkarlığı ilə ərsəyə gəlib. Bu illər ərzində QHT.az saytı qeyri-hökumət təşkilatlarının fəaliyyətini işıqlandırmaqla yanaşı ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edib. Sayt vətəndaş cəmiyyətinin əsas tribunası və ictimai fikrin vacib platforması rolunu eyni vaxtda uğurla oynaya bilib.

Sevinirəm ki, vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini təbliği  məqsədilə yaradılan QHT.az saytı ölkənin ictimai sektorunun ən uğurlu və dayanıqlı layihəsi olaraq buğün tam müstəqil informasiya portalı kimi fəaliyyət göstərir, təkcə informasiya məkanı deyil, həm də etibarlı istinad mənbəyinə çevrilib.

Bir daha səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".