Son iki onillikdə qlobal su istehlakı təxminən 25% yüksəlib və bu artım həm məişət, həm də sənaye sektorunda özünü göstərir.

QHT.az xəbər verir ki, tədqiqatçılar bildirirlər ki, polad, sement, plastik, kağız və rezin kimi materialların sürətlə artan istehsalı şirin su ehtiyatlarına ciddi təzyiq yaradır. Xüsusilə polad istehsalı su izinin 40%-ə qədərini təşkil edir və ən çox su tutumlu material sayılır.

Hesabat “su–material əlaqəsi” anlayışının vacibliyini vurğulayaraq su idarəçiliyinin yalnız mövcudluq baxımından deyil, istehsalda istifadə olunan su miqdarı nəzərə alınaraq planlaşdırılmalı olduğunu bildirir. Şərqi və Cənubi Asiya, eləcə də Okeaniyada sənaye su istehlakının kəskin artması gələcək su çatışmazlığı riskini artırır.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, məhdud su ehtiyatları uğrunda rəqabət güclənəcək. Alimlər dövlətləri su səmərəliliyini artıran texnologiyalara dəstək verməyə və təcili islahatlara çağırırlar.

 

R.İmanov