"Azərbaycan üzərindən Ermənistana Rusiyadan gələn məhsulların tranzit daşınmasının həyata keçirilməsi, təbii ki, ölkəmizin mövqeyini danışıqlarda gücləndirir. Çünki bu, Ermənistanın blokadadan çıxmasına və regionda iqtisadi əlaqələrin formalaşmasına gətirib çıxarır".
Bu fikirləri İqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında bildirib.
R.Atakişiyevin sözlərinə görə, Ermənistan Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin qurulmasında maraqlıdır:
"Artıq Ermənistanın baş naziri də müxtəlif vasitələrlə bildirir ki, Azərbaycanla qarşılıqlı idxal və ixrac əməliyyatları həyata keçirə, eyni zamanda ticarət əlaqələri qura bilərlər. Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə iqtisadi və ticarət əlaqələrinin formalaşdırılmasında maraqlıdır".
Ruslan Atakişiyev bildirib ki, ticarət əlaqələrinin inkişafı davamlı sülhün təmin olunmasına töhfə verə bilər:
"Əslində, ticarət əlaqələrinin inkişafı davamlı sülhün təmin olunmasına da töhfə verə bilər. Çünki sabah sülhü pozmaq məsələsi gündəmə gəldikdə, yalnız hərbi və siyasi amillər deyil, iqtisadi amil də nəzərə alınmalı olacaq. Ölkələr arasında güclü iqtisadi və ticarət əlaqələrinin mövcudluğu sülhün qorunmasında əlavə, tormozlayıcı amil rolunu oynaya bilər".
Fatimə Nəbiyeva












