Biz marqarinin nədən hazırlandığını və bu məhsulun sağlamlığa zərərli olub olmadığını anlamırıq.
QHT.az xəbər verir ki, marqarin çox sirli bir məhsuldur, haqqında çoxlu miflər var. Bəzi ölkələrdə marqarin sağlam qida, digərlərində isə dəhşətli toksin kimi tanınır. Marqarin nədən hazırlanır?
Marqarin, 20-ci əsrin əvvəllərində, alimlər hidrogenləşdirilmiş, yəni bərk bitki mənşəli yağların necə istehsal olunacağını öyrəndikdə, kərə yağı üçün ucuz bir əvəz kimi icad edilmişdir. Elmin inkişafı ilə alimlər müəyyən ediblər ki, bitki yağlarının hidrogenləşdirilməsi məhsulda zərərli trans yağların miqdarını artırır. Bu məlumatın yayılmasından sonra əksər ölkələrdə marqarin satışı kəskin şəkildə azalıb. Müasir dövrdə marqarin istehsalçıları yağları təhlükəsiz üsullarla hazırlamağı öyrənmişlər. Bu texnologiya ilə məhsulda heç bir trans yağ yoxdur. Bu marqarin sağlamlıq üçün təhlükəsizdir.
Qeyd edək ki, bitki mənşəli yağlardan əlavə, marqarinin tərkibində su, emulqatorlar, ləzzətlər, duz və onu kərə yağı kimi göstərən digər maddələr də var. Çox vaxt marqarin kərə yağına bənzəmək üçün sarı boyalarla rənglənir, çünki onun təbii ağ rəngi alıcıları qorxudur.
Qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu məsləyə münasibət bildirərək QHT.a
z-a açıqlamasında qeyd edib ki, qidalanmamızda səhv etməmək üçün ilk olaraq sağlam qidanın nə olduğunu dərk etməliyik: “Yağ orqanizmin enerji mənbəyidir və gündəlik istehlakda mütləqdir. Ucuz yağlar məsələsinə nəzər salsaq, normal yağ süddən, ayrandan hazırlanmalıdır. Alıcı 2-3 manatlıq yağı gördükdə düşünməlidir ki, burada yağdan söhbət gedə bilməz. Yağın istehsal prosesi çox mərhələlərdən keçir və qatqılara məruz qalır. Marqarin və trans yağlara qatqılar əlavə olunub “kərə yağı” adı ilə satılır. İstehsalçıların ən böyük yalnışı “bitki tərkibli”, “natural” və s. şablonlarla insanları aldatmaqdır. Yaxşı yağ açıq-sarı rəngli, iysiz, çörəyin üzərinə əlavə etdikdə topaclanmamalı və bıçağa yapışmamalıdır. Qiymətə önəm verildiyi kimi keyfiyyət də əsasdır. Ucuz yağlar mədə-bağırsaq sisteminin funksiyasını pozur, damar tıxanıqlığı, ürək xəstəlikləri və hətta xərçəngə belə səbəb ola bilir”.
Pərvanə Fərhadqızı












