Sağlam pəhriz bədənin ehtiyac duyduğu bütün qidaları alaraq fiziki sağlamlığı qorumağa kömək edir. Balanslaşdırılmış bir pəhriz bədənin enerji ehtiyaclarını qarşılayaraq gündəlik fəaliyyətlər üçün lazım olan enerji səviyyəsini artırır. Bu, daha aktiv həyat tərzi keçirməyə imkan verir.

“Zülal əsasən heyvan mənşəli qidaların tərkibində olur. Karbohidratlar isə paxlalılardan əldə olunur. Şirniyyatlar zərərli karbohidratlar sırasındadır”.

Bu sözləri Sağlam Qidalanma mütəxəssisi, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, piylənmənin başlıca səbəbi yağdan çox şirniyyatlardır: “Günorta yeməyi üçün saat 2-3 arası ideal vaxt sayılır. Günün 4-5 aralığında isə bədəndən toksinlər atıldığı üçün daha çox su içilməlidir. Axşam yeməyini yatmamışdan 2-3 saat öncə, əsasən yüngül və tez həzm olunan məhsullarla qəbul etmək olar. “6-dan sonra qidalanmaq olmaz”- deyə bir qanun yoxdur”.

Bədənin susuz qalmaması üçün kifayət qədər su içməliyik. Su bədənin əsas funksiyalarını yerinə yetirməsinə kömək edir. İşlənmiş qidaların istehlakını mümkün qədər azaltsaq, bunun əvəzində təbii, təzə və üzvi qidaları seçsək həyat keyfiyyətimizi yaxşılaşdıran mühüm addım olar. Sağlam qidalanma vərdişlərini mənimsəməklə, daha enerjili, sağlam və xoşbəxt bir həyat sürə bilərik. Unutmayaq ki, sağlam bədənə sahib olmaq həyatınızın digər sahələrində də uğur qazanmağımıza kömək edəcək.

 

Pərvanə Fərhadqızı