Bu gün dünyada Beynəlxalq İtkinlər Günü qeyd olunur. Bu tarix münaqişələr və müharibələr zamanı itkin düşən insanların taleyinin müəyyənləşdirilməsi, onların ailələrinin hüquqlarının müdafiəsi və itkin şəxslər barədə məlumatların açıqlanmasının vacibliyinə diqqət çəkir. Azərbaycan üçün də məsələ xüsusi əhəmiyyət daşıyır. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində minlərlə azərbaycanlının taleyi hələ də tam aydın deyil. İtkinlərin taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarların yerlərinin açıqlanması və bu şəxslərlə bağlı məlumatların təqdim edilməsi sülh və humanitar prosesin mühüm məsələlərindən biri olaraq qalır.
QHT.az xəbər verir ki, övzu ilə bağlı hüquqşünas Sahib Məmmədov EDnews -a açıqlamasında bildirib ki, Ermənistan hakimiyyəti həm keçmiş, həm də indiki rəhbərliyin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin etirafından yayınmağa çalışır.
Hüquqşünasın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı təqib etsə də, bunun səbəbi onların Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər deyil.
“Paşinyan Ermənistanın və Ermənistanın rəhbərliyində olmuş şəxslərin, o cümlədən Ter-Petrosyanın, Köçəryanın və Sarkisyanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərini etiraf etmək istəmir.
Baxmayaraq ki, o, keçmiş prezidentləri təqib edir, amma onları ona görə təqib etmir ki, onlar Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədiblər. Sadəcə, onlara rəqib kimi baxır və sıradan çıxartmaq istəyir”.
Sahib Məmmədov hesab edir ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistanın da 44 günlük müharibə zamanı törədilmiş əməllərlə bağlı məsuliyyəti məsələsi mövcuddur.
“Paşinyanın özü də müharibə cinayətləri törədib. Çünki 44 günlük müharibə dövründə onun silahlı qüvvələrinin ali baş komandanı kimi verdiyi əmrə əsasən, Gəncə şəhərinə, Bərdə şəhərinə, Tərtərə və digər şəhərlərə qadağan olunmuş silahlar, raketlər, kaset bombaları, fosfor bombaları atılıb, mülki əhali məhv edilib. Mülki obyektlər dağıdılıb”.
Ekspertin fikrincə, Ermənistanın itkin azərbaycanlılarla bağlı məlumatları açıqlamaqdan yayınmasının əsas səbəblərindən biri də bu məlumatların ölkənin beynəlxalq imicinə və hüquqi məsuliyyətinə təsir edə biləcəyidir.
“İkinci səbəb budur ki, Ermənistan əgər bizim girov və əsir götürülmüş şəxslərə qarşı törədilən cinayətləri açsa, onların taleyi barədə məlumat versə, bu, Ermənistan üçün, belə deyək, Ermənistanın bir dövlət olaraq imicinə çox ciddi ziyan vuracaq. Ona görə də məlumat vermək istəmirlər”.
Sahib Məmmədov bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti səviyyəsində məsələni beynəlxalq platformalarda dəfələrlə gündəmə gətirib.
“Biz bu məsələni, ən azı mən qeyri-hökumət təşkilatının rəhbəri kimi, bir neçə BMT komitəsində nail olmuşam ki, bu məsələ beynəlxalq müstəvidə müzakirəyə çıxarılsın”.
Onun sözlərinə görə, bununla bağlı BMT-nin müxtəlif komitələrində Azərbaycan tərəfindən təqdim edilmiş alternativ hesabatlar əsasında Ermənistan qarşısında konkret tələblər irəli sürülüb.
“Bununla bağlı İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Komitəsinin bizim alternativ hesabat əsasında verdiyi yekun müşahidələr var. Orada Ermənistandan tələb olunur ki, bu itkinlər barədə məlumat versin, bununla bağlı Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq etsin.
İşgəncələr Komitəsinin də bununla bağlı Ermənistana tələbləri var. Bunu da bizim alternativ hesabatlar əsasında veriblər”.
Hüquqşünas qeyd edib ki, məsələ BMT-nin Universal Dövri İcmal prosesi və Cenevrədə İnsan Hüquqları Şurasının müzakirələri çərçivəsində də qaldırılıb.
“Digər BMT-nin Universal Dövri İcmal hesabatı çərçivəsində biz bu məsələni qaldırmışıq, Cenevrədə İnsan Hüquqları Şurasında da müzakirə olunur.
Demək olmaz ki, bu məsələ qaldırılmayıb. Hələ bir qeyri-hökumət təşkilatı səviyyəsindədir. Dövlətin özü də müəyyən işlər görür”.
Sahib Məmmədovun sözlərinə görə, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanla bağlı hüquqi proseslərdə də bu məsələləri diqqətdə saxlayır.
“O cümlədən bizim Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın bizə qarşı verdiyi iddiaya bağlı verdiyimiz əks iddiada da bu məsələlər əks olunur”.
Ekspert vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesi davam etsə də, itkin şəxslərin taleyi və kütləvi məzarların koordinatlarının təqdim edilməsi məsələsində Ermənistanın mövqeyi dəyişməyib.
İkinci, kütləvi məzar yerlərinin koordinatlarını vermək istəmirlər”.
Sahib Məmmədov qeyd edib ki, minalanmış ərazilərin xəritələrinin təqdim edilməməsi məsələsində də Ermənistanın oxşar mövqeyi olub.
“Bilirsiniz ki, bundan əvvəl də minalarla bağlı xəritələri təqdim etmədilər. Ona görə də biz həmişə deyirdik ki, Ermənistanın indiki hakimiyyətini kimsə sülhpərvər, sülh siyasəti yeridən adlandırırsa, tamamilə səhvdir”.
Onun fikrincə, Ermənistanın sülh prosesində iştirakının əsas səbəbi Azərbaycanın yaratdığı yeni reallıqdır.
“Onların sülh prosesi ilə bağlı hərəkətləri sadəcə Azərbaycanın yaratdığı reallıqla bağlıdır. Biz onları məcbur etmişik sülhə, sülh danışıqlarına. Onlar çarəsizliklə bunu edirlər və Paşinyan özü də revanş hissi ilə alışıb yanan biridir”.
Hüquqşünas bildirib ki, itkinlərin taleyi ilə bağlı məsələ sülh danışıqları çərçivəsində də gündəmdə saxlanılır və müxtəlif sənədlərdə qarşılıqlı məlumat mübadiləsi məsələləri öz əksini tapır.
“Əlbəttə, sülh danışıqları prosesində bu məsələlər daim gündəmdədir. Azərbaycan dövləti bunu qaldırır. O cümlədən Vaşinqton sazişində və s. digər müstəvilərdə həmçinin bir-birinə məlumat vermək məsələləri qoyulur.
Amma yenə deyirəm, Ermənistan bu məsələlərə səmimilik göstərmir”.
Sahib Məmmədovun sözlərinə görə, Ermənistanın itkin şəxslərlə bağlı mövqeyi gələcəkdə həm hüquqi, həm də siyasi məsuliyyət məsələsini gündəmə gətirə bilər.
“Ermənistan dövlətinin həm hüquqi, həm maddi, həm siyasi məsuliyyəti yer alacaq”.
O hesab edir ki, Ermənistan rəhbərliyinin bu cinayətləri etiraf etməsi ölkənin əvvəlki hərbi-siyasi rəhbərliyinin məsuliyyəti məsələsini də qaçılmaz edə bilər.
“Paşinyan hakimiyyəti bunu etiraf etməklə Ermənistanın əvvəlki hərbi və siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməsini etiraf etmiş olur.
Bu zaman növbəti məsələ ortaya çıxır ki, onda onlar mühakimə olunmalıdır. Ya Ermənistanın özündə mühakimə olunmalıdır, ya da Ermənistanın üzvü olduğu Beynəlxalq Cinayət Məhkəməsində olmalıdır”.
Hüquqşünas hesab edir ki, bu məsuliyyətin ilk növbədə Ermənistanın özündə təmin olunması daha məqsədəuyğundur.
“Əslində, Ermənistanın özündə olmalıdır. Çünki Konvensiyaya, Roma Statutuna onlar sonradan qoşulublar.
Amma bunların heç birini etmirlər”.
Sahib Məmmədov bildirib ki, Ermənistanın BMT-nin Məcburi İtkin Düşmüş Şəxslər üzrə Konvensiyası çərçivəsində təqdim etdiyi hesabatda da azərbaycanlı itkinlərlə bağlı məlumatların əksini tapmaması diqqət çəkir.
“İndi də baxın, BMT-nin Məcburi İtkin Düşmüş Şəxslər üzrə Konvensiyası üzrə Ermənistan ikinci dövrü hesabatını təqdim edib. Bizdə bir neçə təşkilat, o cümlədən Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqası, İnsan Hüquqları üzrə Təlim və Tədqiqat Mərkəzi alternativ hesabat verib.
Bundan əlavə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun hesabatları var. BMT-nin veb-səhifəsində yerləşdirilir. Burada şəkilləri ilə, adlarla, hamısı o uşaqların adları verilib, girov götürülmüş şəxslərin”.
Ekspert qeyd edib ki, Ermənistanın növbəti hesabatı ilə bağlı da məsələ gündəmdə qalacaq.
“14 sentyabrda artıq o, BMT-də hesabat verəcək.
Amma Ermənistan dövləti öz hesabatında bir kəlmə belə bu barədə yazmayıb. Əksinə, onların qeyri-hökumət təşkilatları Azərbaycana böhtan atmaqla məşğuldur”.
Sahib Məmmədov sonda vurğulayıb ki, Azərbaycan həm dövlət, həm də vətəndaş cəmiyyəti səviyyəsində itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində beynəlxalq hüquq müstəvisində addımlar atır.
“Yəni, beynəlxalq hüquq müstəvisində Azərbaycanın həm dövlət olaraq, həm də vətəndaş cəmiyyəti olaraq müəyyən işlər gördüyü, addımlar atdığı məlumdur.
Amma dediyim kimi, Ermənistan beynəlxalq hüquqa hörmətsizlik göstərir, beynəlxalq humanitar hüququn prinsiplərini pozur və Azərbaycana heç bir məlumat təqdim etmək istəmir”.












