Şəhid ailələri ilə növbəti görüş - MASALLIDA

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 2 iyul 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin inzibati binasında şəhid ailələri ilə növbəti görüş keçirib.
Görüşdə şəhid ailələrinin üzvləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Araz Əhmədov çıxışında dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib, onların sosial problemlərinin həllinin daim diqqətdə saxlanıldığını bildirib.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev görülən işlər barədə məlumat verərək qeyd edib ki, şəhid ailələri mütəmadi ziyarət olunur, tibbi müayinə və müalicələri təşkil edilir, zəruri hallarda digər tibb müəssisələrinə göndərişlər verilir. O bildirib ki, şəhidlərin adını daşıyan 99 küçəyə ümumilikdə 131 653 kvadratmetr asfalt örtüyü salınıb, 7 şəhid ailəsi üçün fərdi yaşayış evi tikilib, daha 2 evin tikintisi davam edir.
Qeyd olunub ki, 2026-cı ilin əvvəlindən şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına 25 938 manat maddi yardım göstərilib, 5 şəhid ailəsi işlə təmin olunub, 8 ailəyə tikinti materialları verilib, ehtiyacı olan ailələr dərman vasitələri ilə təmin edilib. Həmçinin şəhid anası Mirzəyeva Pərvin Zahir qızının evinin sanitar qovşağının təmirinə 2 600 manat, şəhidlər Qasımov Rüstəm Qənimət oğlunun və Hüseynov Bahaddin Süleyman oğlunun məzar daşlarına isə ümumilikdə 1 300 manat vəsait ayrılıb.
Görüşdə şəhid valideynləri Sarbala Babayev və Elmira Nağıyeva çıxış edərək müraciət və təkliflərini səsləndiriblər. Sonda müraciətlər dinlənilib, qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

 

Akif AĞAYEV