Yunanıstanda leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 2-yə yüksəlib. İtkin düşən 3 nəfərin axtarışları davam etdirilir.

QHT.az xəbər verir ki, Yunanıstanda "Daniel" qasırğası davam edir. Dünən fırtınanın yaratdığı güclü yağışdan sonra baş verən seldə can itkisi artır. Maqnisiya bölgəsinin sahilyanı hissəsində aparılan axtarış tədbirləri zamanı dağıntılar arasında 87 yaşlı qadının cansız cəsədi tapılıb. Daşqından ən çox təsirlənən nöqtələrin Volos, Pilion dağı və Skiathos adası olduğu bildirilib. Maqnisiya bölgəsinin Volos şəhərində dünən baş verən seldə divarın uçması nəticəsində 1 nəfərin öldüyü açıqlanıb.

Bazar ertəsindən bəri davam edən "Daniel" qasırğası nəticəsində körpünün çökməsi zamanı elektrik dirəkləri yıxılıb. Küçələri su basıb, onlarla avtomobil sel sularında sürüklənib. Güclü yağışın daha 24 saat davam edəcəyi gözlənilir.

 

Pərvanə Fərhadqızı